Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib.
Musavat.com-un xəbərinə görə, bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını kəskin şəkildə pisləyib və həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib.
"Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.
Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması” adı altında davam etdirir", - təşkilatdan qeyd olunub.
Bildirilib ki, terror aktlarının, dünya liderlərinin iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrinin başlandığı gün törədilməsi Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını, reallıq hissini tam itirdiyini göstərir.
"Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırır", - təşkilatdan bildirilib.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ