İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqşünasdan taksilərlə bağlı ETİRAZ - “Qiymət qalxacaq, bu isə...”

“Taksi sahəsində islahatlara ciddi ehtiyac var. Taksi sürücüləri də, müştərilər də narazıdırlar. İslahatlar elə aparılmalıdır ki, yol hərəkəti təhlükəsizliyi, mobillik, küçələrdə nizam-intizamla bağlı maraqlar maksimum dərəcədə təmin olunsun”.

Bunu hüquqşünas Ərşad Hüseynov Musavat.com-a “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsini şərh edərkən bildirib.

ersad.jpg (63 KB)

Ekspertin fikrincə, əsas hədəf taksi xidməti sahəsində xaosu aradan qaldırmaqdır: “İndiyə kimi səmərəli dövlət nəzarətini həyata keçirmək mexanizmi mövcud deyildi. Eyni zamanda icazə sisteminin mahiyyəti dəyişir. İndiyə kimi sürücülər fərqlənmə nişanı alıb, vergi ödəyicisi kimi qeydiyyata düşüb taksi fəaliyyəti ilə məşğul ola bilərdilər. Əksər sürücülər bu prosesdən yayınırdı. Yeni qərara əsasən, sürücülər icazə kartı alacaq, rüsum ödəyəcək. Rüsumun hansı dövr üçün ödənəcəyi barədə isə dəqiq məlumat yoxdur. Operatorlar üçün icazə rüsumu 3 min manat olacaq”.

Ərşad Hüseynov hesab edir ki, analoq taxoqrafların köməyi ilə yol təhlükəsizliyi ilə bağlı bəzi məsələlərə nəzarət etmək olar: “Böyük ehtimalla taxoqraflar dövlət nəzarəti qurumunun sisteminə inteqrasiya ediləcək, bu da real vaxt rejimində nəzarəti təmin edəcək. Eyni zamanda mövcud qanunvericiliyə görə ənənəvi taksilər (küçədə gözləyən) üçün taksometrlərin quraşdırılması məcburidir. Özəl taksi şirkətlərinin tabeliyində olan avtomobillər üçün isə bu məcburi deyil. Yeni qərarın hər taksi fəaliyyəti ilə məşğul olan avtomobilə aid olub-olmaması aydın deyil. Düşünürəm ki, buna ehtiyac yoxdur, xüsusi proqramla fəaliyyət göstərənlər üçün proqram taxoqraf funksiyasını yerinə yetirəcək. Ən maraqlısı, tələblərə uyğun olmayan sürücüləri sistemə qoşan aqreqatorlar və sürücülər üçün də sanskiyalar tətbiq olunacaq”.

Hüquqşünasın fikrincə, qanunun işə düşməsi üçün müəyyən zaman tələb olunur: “Bu dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilsə, oktyabrın 1-dən qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin qərarları olmalıdır. Yeni qaydaların təcrübədə necə tətbiq olunacağı da maraqlıdır. Düşünürəm ki, ciddi problemlər yaşanacaq. Azərbaycanda taksi fəaliyyətini ictimai nəqliyyatdan kənar qaydaya salmaq mümkün deyil. İctimai nəqliyyatdakı problemləri həll etməmiş taksi fəaliyyətində nizam-intizam yaratmaq mümkün deyil. Bu gün ölkəmizdə fəaliyyət göstərən taksilərin mütləq əksəriyyəti ictimai nəqliyyat funksiyası daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, taksi fəaliyyəti mövcud olacaq. “Manatlıq” taksilər avtobusların işini görür. Avtobus çatışmır, insanlar rahat hərəkət edə bilmir, mobillik yoxdur. Bu məsələ həll olmamış, ədalətli nəzarət sistemi qurulmamış taksi fəaliyyətindəki islahatların uğurundan söhbət gedə bilməz. Yeni qərarlar qüvvəyə minəndə taksi fəaliyyəti ilə məşğul olanların sayı azalacaq. Belə olanda qiymət qalxacaq, bu isə sərnişinlərin ürəyincə olmayacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR