Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakıda cəzaçəkmə müəssisələrinin birində Fikrət İsmayılov adlı bir məhkumun dünyasını dəyişməsi ilə bağlı mətbuatda xəbər yayılıb.
Bununla əlaqədar hüquq müdafiəçisi Çingiz Qənizadə Musavat.com-a bildirib ki, cəzaçəmkə müəssisələri özündə çoxsaylı insanları birləşdirən müəssisədir.
Onun sözlərinə görə, Azərbaycanda 18 mindən çox şəxs cəza çəkir və ya istintaqı aparılır:
"Bu qədər insanın toplaşdığı müəssisədə ölüm faktının olması təbiidir və burada günahkar axtarmaq lazım deyil. Bəzi insanlar buna əsaslanıb penitensiar xidmətdə nöqsanlar axtarırlar. Halbuki məhkum da insandır, xəstələnə bilər və ya hansısa xəstəlikdən dünyasını dəyişə bilər. Bu, azadlıqda olan insanlarla da baş verir.
Məhkumlar azadlıqlarını itiriblər, stress halında olurlar, bu da onların xəstələnməsinə səbəb ola bilər. Ona görə də hansısa məhbusun ölümündən ajiotaj yaratmaq lazım deyil. Adi ölüm hallarından biridir. Hüquq müdafiəçisi kimi, Fikrət İsmayılovun ailəsinə başsağlığı verirəm".
Xatırladaq ki, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Şahanə Rəhimli
Musavat.com
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ