İnsanlara hürriyət, millətlərə istiqlal!

Hun elində Turan büsatı, Azərbaycana böyük diqqət...

Türkofoblar, qorxmayın, Atillanın varisləri sülhə çağırır!

Ötən yazımızda Azərbaycan və Macarıstanın bənzər cəhətləri barədə bəzi məqamlardan bəhs etmişdik. Soykökümüzdə bağlılıq olan macarlarla bizim taleyimizdə daha bir bənzərlik var: 1918-ci ilə qədər Avstriya-Macarıstan imperiyasının tərkibində olan macarlar da Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu il, noyabrın 16-da Macarıstan Respublikanı elan ediblər. Onların da respublikaçı ömrü uzun çəkməyib, 1919-cu ilin 21 martında kommunistlərlə sosial-demokratlar birləşərək Macarıstan Sovet Respublikasını elan ediblər. 1944-cü ildə sovetlərin işğalı…Nəhayət, Macarıstandakı üçüncü respublikanın əsasın 23 oktyabr 1989-cu ildə qoyuldu.

Macarlar Avropa imperiyalarından yarımadıqları kimi, sovetlərin istibdadından da az çəkməyib. Ona görə də bu xalqın qan bağlılığı olan Türk dünyasına pənah gətirməsində məntiqəuyğunluq var və qeyri-adi nə isə axtarmağa dəyməz.  

Azərbaycan və Macarıstan energetika sahəsində də uğurlu əməkdaşlıq edir. Belə ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Dövlət başçımız deyib ki, gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Eyni zamanda Azərbaycan 2024-cü ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb və bu, Orbanın ölkəsi üçün müstəsna əhəmiyyətə malik addım olub. Azərbaycan Prezidentindən 2025-ci ildə də Macarıstanın təbii qazla təchiz olunması barədə xahiş müsbət cavablandırılıb. Dövlətimizin başçısı deyib ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik.

Sitat: “Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.

Göründüyü kimi, perspektiv üçün yeni meqalayihələr də var və bu, iki dost, müttəfiq ölkə, qohum xalq üçün əlavə imkanlar yaradır... Ən önəmlisi isə Şuşada keçirilən tədbirin estafetini Azərbaycandan hunların vətəni alıb. Prezidentin dediyi kimi, faktın özü bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

Macarıstanda möhtəşəm səviyyədə, yüz minlərlə insanın iştirakı ilə keçirilən Turan qurultaylarını xatırladıq bu günlərdə. Atillanın nəvələrinin – hunların vətənində türk dövlətləri adına çadırlar qurulur, çaparlar gəlir, oxatma yarışları keçirilir, Türk ellərindən gələnlər yaddaqalan büsatlar qururlar. Budur, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Sənəddə Quzey Kıprıs Türk Cümhuriyyəti ilə bağlı məram-məqsədin də əksini tapması, Novruz Bayramının Türk Dövlətləri üçün ortaq bayram olaraq qəbul olunması kimi önəmli anlaşmalar birliyimizi daha da möhkəmləndirəcək. Şuşa Bəyannaməsindən sonra Budapeşt Bəyannaməsi!  Xeyirli-uğurlu olsun!

Bir kökdən olanların münasibətləri artıq 21-ci əsrin çağırışları səviyyəsində qurulub: Türk liderləri bir arada, qlobal səviyyədə barışı, təhlükəsizliyi özündə əks etdirən mesajlar verirlər, çağırışlar edirlər. Qəbul olunmuş yekun Bəyannamədə faktiki olaraq Turan dünyasının yol xəritəsi əksini tapır.

Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə hamımızı qürurlandıran Azərbaycana və onun Liderinə böyük diqqət idi. Tədbirdən kənar səmimi söhbətlərdə də, qeyri-rəsmi görüş zamanı türk liderlərin çıxışlarında da bu diqqəti gördük.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətindən bəhs edərkən Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları söylədi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik. Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, bütövlüyümüzü gücləndirmək üçün türk xalqlarının birliyini və həmrəyliyini möhkəmləndirmək vacibdir. Qazax lider neft, qaz və uranın təchizat zəncirini şaxələndirmək üçün Təşkilatın potensialından istifadə etməyə ehtiyac olduğunu vurğuladı və bununla əlaqədar, Qazaxıstandan Avropaya qaz ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidenti  İlham Əliyevə səmimi-qəlbdən minnətdarlığını bildirdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xatırlatdı ki, ötən il biz Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıqla bağlı razılaşmanın işlənib hazırlanmasını təklif etdik.

Sitat: “Bu gün bu sənədin əhəmiyyəti və aktuallığı daha da artır. Şübhəsiz ki, bu razılaşma xalqlarımızı bir-birinə yaxınlaşdırmağa töhfə verəcək və bizim çoxşaxəli əməkdaşlığımız üçün uzunmüddətli hüquqi bünövrə rolunu oynayacaq. Mən bu sənədin qarşıdan gələn Bakı Sammitində imzalanmasını təklif edirəm”. Nəzərlər Azərbaycanın evsahibliyi ilə keçiriləcək Zirvəyə yönəlir...

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev isə Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafından danışarkən “2025-ci ildə Bakıda gömrük orqanları rəhbərlərinin toplantısında qəbul olunan mühüm qərarlara diqqət çəkdi: “Bakıda keçirilmiş 4-cü görüşdə üzv ölkələr “CubeSat” layihəsini 2025-ci ilin sentyabrınadək tamamlamaqla bağlı razılığa gəldilər. Ümidvaram ki, bizim birgə peykimiz bu ilin sonunadək orbitə buraxılacaq”. Həmçinin bildirdi ki, Türk kimliyi layihəsinə başlanılır: “Bu, vətəndaşlara öz milli şəxsiyyət vəsiqələri ilə üzv ölkələrə səfər etməyə imkan verəcək. Türkiyə və Azərbaycan bu layihəni həyata keçirib. İndi biz bunu Mərkəzi Asiya regionunda tətbiq etməliyik. Həmçinin Şuşa Sammitində və TDT Katibliyinin büdcə və heyətinin artırılmasına dair işçi qrupun təklifi Bişkekdəki 11-ci Sammitdə razılaşdırılmışdır. Bu təklif üzv ölkələrin qarşıya qoyduqları vəzifələrin çoxalması ilə əlaqədar gələcək illərdə büdcənin əhəmiyyətli dərəcədə artırılması ilə bağlıdır”.

Ötən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun vəsaitinin artırılması ilə bağlı razılaşma da yol xəritəsinin uğurla qət edilməsinə hesablanmış mühüm qərardır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da növbəti dəfə Azərbaycana və Prezident İlham Əliyevə böyük dəyər verdiyini Avropadakı Türk törənində bəyan etdi. Türkiyə lideri Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq dedi:

 “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Türk liderlərin hər birinin çıxışında Azərbaycan, onun Prezidentinə çox böyük etimad, sayğı və diqqət var, fəxarətlə dinlədik...

Türk dövlətlərini qapısının kandarında saxlamağa cəhd edənlər utansınlar və Türk Dövlətləri Təşkilatının Avropada qurulan büsatına diqqət etsinlər! Türkiyə başda olmaqla, Türk dövlətlərini yaxına buraxmaq istəməyən Avropa İttifaqı kimi qurumların daxilindəki bəzi türkofoblar baxsınlar, qorxmasınlar, Türk Dövlətlər Təşkilatı adında beynəlxalq təşkilat artıq Avropada böyük bir toplantı keçirir, türk liderlərin iştirakı ilə. Türk olduğu istənilən yerdə savaşı deyil, barışı tərənnüm edir. Necə ki, hörmətli Rəcəb Tayyib Ərdoğan söylədi: “Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”, söyləyib. Biz də şübhə etmirik və əminik, belə də olacaq...

Mayın 21-də Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk dövlətlərinin liderləri tədbirdə iştirak etdilər. Türk dünyasının fəxri olan Əziz Sancarın mükafatlandırılmasının belə mötəbər tərkibdə baş tutması özü də qürurvericidir. Ona da şübhə etmirik ki, gün gələcək nəinki regionda, bütün dünyada sülhün, barışın, təhlükəsizliyin bərqərar olunması üçün çalışan Prezident İlham Əliyev də Nobel Sülh Mükafatına layiq görüləcək...Təbii ki, əgər ədalətli münsiflər olacaqsa...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR