Onlayn ictimai-siyasi qəzet
Ərazilərimizin minalarla çirklənməsi insanların həyatını təhdid etməyə davam edən və yenidənqurma işlərinə mane törədən ən aktual məsələlərdən biridir.
Musavat.com bildirir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxışı zamanı ərazilərimizin minalanması haqqında məlumat verərkən deyib.
Spiker diqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda minalar yerləşdirilib.
Vurğulanıb ki, 2020-ci ildən indiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Bu minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitar minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır.
Milli Məclisdən verilən məlumata görə, spiker Sahibə Qafarova çıxışında daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib.
O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ