Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, AVRO-2024-ün seçmə mərhələsində Türkiyə Milli Futbol Komandası ilk oyununda Ermənistanla qarşılaşıb.
İttifakgazetesi.com-dan Mehmet Poyrazın Musavat.com -a bildirdiyinə görə, Türkiyənin 2-1 qalib gəldiyi matçın qolları Orkun Kökçü və Kərəm Aktürkoğluna aiddir.
Qeyd edək ki, Ermənistana vurduğu qol ilə gündəmə gələn Orkun Kökçünün 1998-ci il təvəllüdlü qardaşı Ozan Can Kökçü də Azərbaycan Milli Komandasında çıxış edir.
Kökçü qardaşları böyüdükləri Hollandiyadan imtina edərək Türkiyə və Azərbaycanı seçiblər. Qardaşlar alt baza hazırlığını Xroninqendə alsalar da, Hollandiya millisini seçməyib, Azərbaycan və Türkiyə millilərində meydana çıxmağa başlayıblar.
Ozan Kökçü
Futbol karyerasına Avropada başlayan, daha sonra olduqları ölkələrinin milli komandalarına üstünlük verən futbolçuların əksinə, Kökçü qardaşlarının Hollandiyaya üstünlük verməməsi, qardaş ölkələrin Türkiyə və Azərbaycan millilərində meydana çıxması diqqət çəkir. Hər iki qardaşı Hollandiya futbol ictimaiyyəti də maraqla izləyir.
Ozan Kökçü müsahiblərindən birində belə deyib: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik".
Orkun Kökçü
Qeyd edək ki, Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü 2019-cu ildə Azərbaycanın əsas milli komandasına dəvət alıb.
Bir çox futbolçunun əksinə olaraq milliyyətçiliyini gizlətməyən Ozanın Azərbaycan formasını geyinməsi bəyənilib, adı Avropanın aparıcı klublarında hallanan Orkun isə dəfələrlə Hollandiya Milli Komandasından təklif almasına baxmayaraq Türkiyəni seçib və türk futbolsevərlər tərəfindən də sevinclə qarşılanıb.
Karyerasını Avropada davam etdirən Orkun Kökçü LGBT rəngli kapitan sarğısını taxmaqdan imtina edib və liqa arasında Ümrə ziyarəti edib. “Yeni Şafak Spor”a açıqlama verən Orhunun atası və meneceri Halis Kökçü oğlunun bunu dini inancları üçün etdiyini bildirib.
Atası Halis Kökçü də həmin açıqlamada bu sözləri qeyd edib: “Orkun inancı və rəftarı ilə tanınan bir insandır. Bu onun karyerası boyu davam edəcək. O, inancının səbəbini və münasibətini nümayiş etdirdi. Hər gün belə davam edəcək. Orkun hər zaman öz doğruları ilə yaşayır”.
Qeyd edək ki, Bu yaxınlarda Hollandiya Futbol Federasiyası qərar verdi ki, komanda kapitanları matçlar zamanı “OneLove” loqosu olan bandı geyinməlidirlər.
Son olaraq onu da qeyd edək ki, Ozan Can Kökçü 2021-ci ildə Sevil adlı xanımla ailə həyatı qurub. Futbolçunun nikah mərasimi Niderlandın Hofddorp şəhərində keçirilib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ