İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət qəzalı binalarla bağlı hərəkətə keçdi

Elnur Fərzəliyev: “Burada əsas problem təkcə kompensasiya deyil... ”

“Azərbaycanda qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən komitələrin birgə iclasında deyib. O qeyd edib ki, baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə keçirilib. Yaxın zamanlarda bu istiqamətdə əməli addımlar atılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir müddət əvvəl verdiyi açıqlamada deyib ki, qəzalı binalar paytaxtın bütün ərazilərində var. Onun sözlərinə görə, bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyətdə olan binalar mövcuddur və bu məsələni daha dərindən öyrənmək məqsədilə komissiya yaradılıb. İcra başçısı qeyd edib ki, nə az-nə çox, qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxındır: “Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və ilkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.

Bundan əlavə, xatırladaq ki, Bakının bir neçə əsas sürüşmə ocaqları da var. 

Evlərlə bağlı ən ciddi problem vətəndaşlara ödəniləcək kompensasiya ilə bağlıdır. Əgər vətəndaşların evləri sökülüb köçürülürsə, mütləq şəkildə ərazi üzrə qiymətləndirmə aparılmalı, həmin ərazidə olan qiymətlərə uyğun vətəndaşa pul verilməli və yaxud evin ölçüsü çox kiçikdirsə, onun otaq sayına uyğun ala biləcəyi digər binalardakı mənzillərin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Amma bir çox hallarda bu, haqlı və ya haqsız narazılıq da yaradır.

Maraqlıdır, qəzalı binalarla bağlı problemlər necə həllini tapmalıdır?

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”

Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkədə yüzlərlə qəzalı, minlərlə istismar müddətini bitirmiş binalar var. Məsələyə reallıqla yanaşsaq, demək olar ki, binaların  sökülüb-tikilməsi 2-3 il vaxt aparır.  Yəni bu gün yüzlərlə binanın sökülməsinə çox böyük tikinti şirkətləri cəlb olunmalıdır. Tikinti şirkətləri də bu sahəni öz istəklərinə uyğun aparırlar. Yəni özləri seçim edir, hansı ərazi onlar üçün əlverişlidirsə, orada daha çox mənzil  satışa çıxara bilərlərsə və yaxud daha az mənzil varsa, həmin ərazini sökürlər. Çünki  onlar öz hesablarını düşünür və oradakı  mənzil sahiblərini mənzillə təmin edirlər. Bunu dövlət aparmır. Qısa zamanda bu ərazilərin sökülməsi, ümumiyyətlə, mümkün deyil.

Unutmaq olmaz ki, tikinti şirkətləri binaları satacaqları mənzillərin hesabına tikir. Əmlak bazarında  alıcılıq qabiliyyəti olmalıdır ki, onlar sata bilsinlər, sata  bilməsələr iflasa uğrayar və tikililər yarımçıq qalar".

Ekspert qeyd edib ki, bu prosesin sürətli aparılması üçün daşınmaz əmlak sahəsi ilə bağlı yeni qanunlar qəbul olunmalıdır: “Tikilməkdə olan, xüsusən də pilot layihə üzrə olan binalarda ilkin çıxarışlar verilməlidir ki, onlar mənzilləri kreditlə sata bilsinlər. Çünki nağd formada daşınmaz əmlak alan alıcıların sayı azalıb. İkincisi, vətəndaşlarla şirkətlər arasında daima mübahisəli məsələlər olur. Burada söhbət təkcə kompensasiyadan getmir. Ölkədə şirkətlər zatən vətəndaşa pul vermir, çox az, daha çox problemi olan insanlara pul verilir. Çünki tikinti şirkətləri pulu mənzillə əvəzləşdirir. Yəni evi sökülən şəxsə həmin binada mənzil verirlər.

Bəs burada problem nədən qaynaqlanır? Mənzil sahibləri evləri sökən-tikən şirkətlərə güvənmir. Burada dövlətin  güvəni, zəmanəti olmalıdır. Tutaq ki, bu sahə ilə bağlı tikintilərə icazələrlə bağlı qərar, sərəncam verən dövlət qurumları, orqanlar həmin  bina sakinləri ilə görüşüb, onlara zəmanət verməlidir, “bu şirkət  bu binanı bu tarixdə söküb, bu tarixdə təhvil verəcək, hər hansı bir problem yaranarsa, qurumlar söz verilmiş tarixdə  binanı  tikib, təhvil verəcək”, deyə.  Daha bir problem isə bundan ibarətdir - bu binalar illərlə baxımsız vəziyyətdə qalıb, sovet dövründə  binalara “jeklər”, yəni mənzil istismar idarələri nəzarət edirdi. Lakin sonra “jeklər”dən bir çox səlahiyyətləri alındı. Səlahiyyətlər alındığına görə “jeklər” binaların sadəcə çölünə, həyət-bacasına nəzarət edir. Yol kənarında olan həmin köhnə, istismar müddətini bitirmiş binaları bəzən icra hakimiyyətləri, sadəcə, üzünü  boyayıb, dam örtüyünü dəyişir və bununla binanı "təmir etmiş" hesab edirlər. Bu, təmir-bərpa işləri deyil.  Beləliklə, bu binaların hamısını tez bir zamanda sürətlə sökmək mümkün olmadığına görə bərpa işləri aparılmalıdır. Tutaq ki, bina 3-5 ildən sonra söküləcəksə, həmin günə qədər bərpa işləri aparılmalıdır ki, bina dayanıqlı qala bilsin".

Ekspertin sözlərinə görə, binaları qəzalı  vəziyyətə gətirib çıxaran müəyyən amillər var: “Köhnə binaların bir çoxunun zirzəmilərinin çirkab suları ilə dolu olması, artırmalar, zirzəmilərin obyektə çevrilməsi, əlavə qapı və ya pəncələrin açılması, yəni konstruksiya dəyişikliyi birbaşa binanı qəzalı vəziyyətə gətirib çıxarır. Daha bir məsələ, kompensasiya əksər hallarda 1500 manat, çox az hallarda 2000-2500 manatdan hesablanır.  Amma məsələn, əgər vətəndaş şəhərin mərkəzində yaşayır və  pilot layihə üzrə yaşadığı bina yola düşürsə və yaxud  park salınırsa, dövlətin inzibati binası tikiləcəksə, vətəndaşa kompensasiya verilir. Amma ona ödənilən məbləğ əksər hallarda həmin ərazidə ev almağa imkan vermir. Yəni nəzərə almaq lazımdır ki, əmlak bazarında qiymətlər kəskin arta-arta gedir. Ərazi üzrə uyğun qiymət olmalıdır, vətəndaş tutaq ki, Səbayel rayonundan çıxdıqda yalnız Xırdalanda yaşaya bilir,  çünki ona verilən pul yalnız buna çatır ki, orada ev ala bilsin. Nəticədə insanın yaşayış infrastrukturu tamamilə pozulur. Tutaq ki, uşaqlarının məktəbi və sairə məsələlər var ki, onu məhz yaşadığı yerə görə formalaşdırır. İndi təsəvvür edin, başqa yerə adaptasiya olunana qədər bir sıra travmalar yaşayır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR