İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" RAZILAŞDI - Hərbi arsenalını...

"Hizbullah" təşkilatı İsrail qoşunlarının Livandan tamamilə çıxarılacağı təqdirdə silahlarının gələcək taleyi ilə bağlı dialoqa hazır olduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti, təşkilatın rəhbərliyinin adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən yayıb.

"Hizbullah" nümayəndəsi vurğulayıb ki, "İsrail Livanın cənubundakı işğal olunmuş beş bölgədən qoşunlarını çıxarıb bombardmanları dayandırsa, respublika prezidenti general Cozef Aun ilə hərbi arsenalımızın gələcəyini müzakirə etməyə hazırıq".

General Aun aprelin 7-də "Hizbullah" üçün vasitəçi kimi fəaliyyət göstərən parlament sədri Nəbih Berri ilə görüşüb. O, müqavimət qüvvələrinin silahlarının taleyi məsələsinin yeni hökumətin milli təhlükəsizlik strategiyasını hazırlamasından dərhal sonra başlayacaq müdafiə doktrinasına dair dialoq çərçivəsində həll olunacağını açıqlayıb.

Öz növbəsində Livan ordusu komandanlığı öz kommünikesində "Hizbullah"ın atəşkəs razılaşmasının qüvvəyə mindiyi 27 noyabr 2024-cü ildən bəri Litani çayının cənubunda onlarla mövqe və anbarı hərbçilərə təhvil verdiyini qeyd edib. Livanın şərqində bu müddət ərzində radikal Fələstin cəbhəsinin altı düşərgəsi ləğv edilib.

Aprelin 5-də ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus Beyrutda prezident Aun ilə Livan və İsrail arasında sərhəd məsələlərinin həlli yollarını müzakirə edib.

“Elnashra” xəbər portalının verdiyi məlumata görə, söhbət zamanı amerikalı diplomat Livan hakimiyyətinin “Hizbullah” birləşmələrinin zərərsizləşdirilməsi prosesini sürətləndirməsinin vacibliyini vurğulayıb.

Köçkünlər naziri Kamal Şahade deyib ki, "Hizbullah"ı tərksilah etmək və Litani çayının şimalındakı hərbi obyektlərini Livan ordusuna təhvil vermək 6 ay çəkə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR