İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Rusiya silah bazarına ŞOK ZƏRBƏ

Son beş il ərzində Rusiya silahlarının dünya bazarına ixracı 64% azalıb, bu isə Hindistan üçün yeni imkanlar yaradıb.

Musavat.com xəbər verir ki, xarici KİV-lərin yazdığına görə, Hindistanın baş naziri Narendra Modi ölkəni qlobal silah istehsalı mərkəzinə çevirmək niyyətindədir.

Yüksək ehtimalla Hindistan Rusiya ilə rəqabətə girərək onun ənənəvi müştərilərinə mərmi, raket, helikopter və hərbi gəmilər satacaq. Delhinin ixrac strategiyası əsasən Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiya ölkələrinə yönəlib.

Silah satışının genişləndirilməsi proqramı çərçivəsində Hindistan 2026-cı ilin martına qədər azı 20 yeni hərbi attaşeni öz səfirliklərinə göndərməyi planlaşdırır. Artıq bu attaşelər Əlcəzair, Mərakeş, Qayana, Tanzaniya, Argentina, Efiopiya və Kamboca kimi ölkələrdə fəaliyyət göstərirlər. Bu ölkələrin bir çoxu sovet və Rusiya hərbi texnikasını uzun illər alıb, hansılar ki NATO standartlarından fərqlənir.

2020–2024-cü illərdə Rusiyanın Afrikaya əsas silah tədarükçüsü olduğu bildirilir. SIPRI-nin məlumatına görə, bu dövrdə qitəyə idxal olunan silahların 21%-i Rusiyanın payına düşür. Əlcəzair isə Rusiya silahlarının ən iri alıcılarından biri olub – aldığı silahların təxminən 48%-i Rusiyadan gəlib.

“Rosoboroneksport” Hindistanın planlarını şərh etməkdən imtina edib, sadəcə Hindistanla birgə istehsal və üçüncü, Rusiyaya dost ölkələrə birgə satış danışıqları barədə məlumat verib.

Hindistanın ilk uğurlarından biri Ermənistandır. Bu ölkədə ötən ildən Hindistan hərbi attaşesi fəaliyyət göstərir. Hindistan artıq Ermənistana silah tədarükündə Rusiyanın monopoliyasını sarsıdıb. Ermənistan bəyan edib ki, artıq yalnız Moskvaya güvənə bilməz. SIPRI-nin məlumatına əsasən, 2022–2024-cü illərdə Ermənistana idxal olunan silahların 43%-i Hindistandan gəlib, halbuki 2016–2018-ci illərdə bu göstərici sıfıra yaxın olub.

Hindistanın silah ixracının artmasına əsas səbəb isə Ukrayna müharibəsi olub. Bunu Hindistanda ixrac məsələsinə cavabdeh olan rəsmi bildirib. Qərb anbarlarındakı ehtiyatlar Kiyevə göndərilir, Rusiya isə istehsalını əsasən öz ehtiyaclarına yönəldir. Bu isə ABŞ və Rusiyaya güvənən bir çox ölkəni alternativ axtarışına vadar edib, bu alternativlərdən biri də Hindistandır.

"Reuters"in əldə etdiyi məlumatlara görə, Hindistan hökuməti xarici müştəriləri cəlb etmək və maliyyələşdirmək üçün misli görünməmiş səylər göstərir. Dövlətə məxsus EXIM Bank (İxrac-İdxal Bankı) vasitəsilə Hindistan silah idxalını genişləndirir. Bu bank riskli ölkələrə uzunmüddətli və aşağı faizli kreditlər təqdim edir. "Reuters"ə danışan dörd rəsminin sözlərinə görə, Dehli artıq xarici nümayəndə heyətləri ilə Hindistanın silah istehsalçıları arasında görüşlər təşkil etməyə başlayıb.

2023–2024-cü maliyyə ilində Hindistan 14,8 milyard dollar dəyərində silah istehsal edib, bu, 2020-ci illə müqayisədə 62% artım deməkdir. Modi hökuməti 2029-cu ilə qədər silah və hərbi avadanlıq ixracını ikiqat artıraraq 6 milyard dollara çatdırmağı hədəfləyir. Hökumət, hazırda əsas hissəsini mərmi, yüngül silahlar və texniki avadanlıq təşkil edən hərbi ixracın gələcəkdə daha geniş spektrə yayılacağını gözləyir. Hindistanlı mənbələrin verdiyi məlumata görə, ölkə 155 mm-lik artilleriya mərmilərini 300–400 dollar arasında istehsal edə bilir. Halbuki, Avropa istehsalı mərmilərin qiyməti 3000 dollardan çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR