İnsanlara hürriyət, millətlərə istiqlal!

Himayəsində əlil övladı olan işçilər attestasiyadan azad OLUNA BİLƏRLƏR?

Bəzi şirkətlərdə işçilərin tutduqları vəzifəyə uyğunluğunu yoxlamaq məqsədilə attestasiya keçirilir. İşçilərin bir qismi buna könüllü razılıq versə də, bir qisim isə attestasiyadan azad olunma yollarını axtarır.

Vətəndaşları maraqlandıran məsələlərdən biri də himayəsində yetkinlik yaşına çatmamış əlil övladı olanların attestasiyadan azad olunub-olunmaması ilə bağlıdır.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Əliməmməd Nuriyev himayəsində 18 yaşına çatmayan əlil övladı olan şəxslərin attestasiyadan azad edilməsi ilə bağlı qanunvericilikdə birbaşa norma mövcud olmadığını bildirib:

"Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən, işçilərin attestasiyası onların tutduqları vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədilə keçirilir. Lakin bəzi kateqoriyadan olan işçilər attestasiyadan azad edilə bilərlər.

Əmək Məcəlləsinin 66-cı maddəsinə görə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan işçilər, bir vəzifədə (peşədə) faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlərin attestasiyası keçirilmir.

Lakin himayəsində 18 yaşına çatmayan əlil övladı olan şəxslərin attestasiyadan azad edilməsi ilə bağlı qanunvericilikdə birbaşa norma mövcud deyil. Bu səbəbdən, belə hallarda işəgötürənlə əmək müqaviləsi və ya kollektiv müqavilə çərçivəsində əlavə güzəştlərin nəzərdə tutulması mümkündür. Himayəsində 18 yaşına çatmayan əlil övladı olan şəxslərin attestasiyadan azad edilməsi məsələsi qanunvericilikdə birbaşa tənzimlənmədiyi üçün bu mövzuda işəgötürənlə müzakirə aparmaq və mümkün güzəştləri razılaşdırmaq tövsiyə olunur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR