Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə ilə bağlı 4 cildlik kitab çap olunub.
“Demokratiyaya gedən uzun yolda” adlı kitab Hikmət Hacızadənin yaxın dostu, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırovun təşəbbüsü ilə ərsəyə gəlib.
Bununla bağlı Musavat.com-a danışan Sabit Bağırov bildirib ki, kitabda Hikmət Hacızadənin sağlığında mətbuata verdiyi müsahibələr və onunla bağlı bioqrafik xatirələr yer alıb:
“Hikmət bəy rəhmətə gedəndən sonra onun xatirəsini yaşatmaq üçün nələr edə biləcəyimi düşündüm. Qərara gəldim ki, onunla bağlı yaxınlarının, dostlarının xatirələrini, ürək sözlərini qələmə alaq və kitab nəşr edək. Daha sonra onun məqalə və müsahibələrini də bu kitaba əlavə etmək ideyası ağlıma gəldi.
Beləliklə, müxtəlik KİV-lərdə axtarışa başladıq. Elə məqalələri var idi ki, elektron forması olduğu üçün əldə etmək asan oldu. 90-cı illərdə qəzetlərdə çıxan müsahibə və açıqlamalarını isə bir az əziyyətlə yığdıq. Ümumilikdə, xeyli sayda material topladıq və 4 cildlik kitab ərsəyə gəldi. Diqqətimizdən kənarda qalan məqalələr isə yəqin ki, 5-ci cild kitab nəşr olunanda oraya daxil ediləcək.
Bir məqamı da qeyd edim ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da öz vəasiti hesabına Hikmət bəylə bağlı iki il bundan öncə ayrıca kitab nəşr etdirmişdi. Orada da məqalə və müsahibələri toplanıb.
Budəfəki cildlərin maliyyə işləri ilə Hikmət bəyin oğlu Adnan Hacızadə məşğul oldu. O, hesab açdı və oraya toplanan vəsaitdən istifadə etdi, dekabr ayında nəşr etdik”.
Bir vacib məqamı da qeyd edək ki, kitabda yayımlanan məqalə və müsahibələrdən 15-dən çoxu vaxtı ilə “Yeni Müsavat” qəzetində və Musavat.com saytında nəşr olunub.
Şahanə Rəhimli
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ