İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev hər kəs üçün möcüzəvi bir şəxsiyyət idi”- Razi Nurullayev  

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi üç epizod üzrə yaxından görmüşəm. 1992-ci ildə, Cəfər Cabarlının heykəlinin yanında. Ətrafına adamlar yığılmışdı və hər kəs çalışırdı ki, ona toxunsun, o isə gülümsəyirdi. Çünki o zaman Heydər Əliyev hər kəs üçün möcüzəvi bir şəxsiyyət idi. İkinci dəfə isə onun çağırışı ilə xalq o zamankı Prezident aparatının qarşısına toplandı və dövlətçiliyi qorudu. Mən də orada vardım. Üçüncü dəfə isə azadlıq meydanında Surət Hüseynovun çevriliş cəhdlərindən danışanda, onun çıxışını “Assosiated press” Agentliyi üçün tərcümə edirdim”.

Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev bu sözləri Milli Məclisdəki xüsusi iclasda söylədi. O bildirdi ki, Heydər Əliyev xoşbəxt Azərbaycan qurmaq üçün çalışdı:

“Amma əks mövqedə dayanan şəxslər ona kömək etmək əvəzinə qarşı çıxmaq yolunu tutdular. Hərçənd ki, Heydər Əliyevi özləri dəvət etmişdi ki, gəl, Azərbaycanı xilas elə, öz təyin etdiklərimizin qəzəbindən qoru. O zaman fərqli düşərgədə dayanan şəxslərin düşüncəsi bu idi ki, yaxşı, gəldin, təmizlədin, stabillik yaratdın, daha ver hakimiyyəti bizə, çıx get! Nə etmək lazım idi? İqtidardan müxalifətə çevrilənlər Heydər Əliyevlə əməkdaşlıq etməli idi, onu yıxmaq, hakimiyyətdən salmaq üçün gecə-gündüz ayağının altını qazmalı deyildi. İmkan vermədilər ki, Heydər Əliyev gücünü tam olaraq xalqın rifahına yönəltsin. Məcbur oldu ki, ölkəni yenidən xaosa çevirmək istəyənləri də neytrallaşdırmağa güc sərf etsin. O zaman kreslo davası etməsəydilər, Əli Kərimli deputat yerləri üçün iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi, 4-5 deputat kreslosu, özünün ambisiyaları üçün Əbülfəz Elçibəyə xəyanət etməsəydi, əminəm ki, müxalifət də indikindən onqat güclü olardı. 30 ildə onlar nəyə nail olublar ki, danışmaqdan, tənqid etməkdən, söyməkdən və aşağılamaqdan başqa? Barışmazlıq çıxış yolu deyil”. 

R.Nurullayev daha sonra bildirdi: “Hərəkatçılar mənə deyir ki, siz deputatlara deyin ki, AXCP-müsavat cütlüyü deyib nifaq yaratmasınlar. Siz cənab Prezident İlham Əliyevə çatdırın ki, AXCP-Müsavat cütlüyü haqqında sərt ifadələr işlətməsin. Deyirəm ki, siz niyə öz gözünüzdə o tiri görmürsünüz? Siz gündə 24 saat, həftədə yeddi, ayda 30, ildə 365 gün iqtidar nümayəndələrini, Prezident İlham Əliyevi ən sərt sözlərlə tənqid və təhqir edirsiniz və yaxud etdirirsiniz. Onlar da daş deyil, prezidentin də ürəyi var, hissləri var. Onun da haqqıdır ki, heç olmasa bir dəfə də olsa sizin etdikləriniz pislikləri sizə xatırlatsın. Düşünürəm ki, əgər İlham Əliyev bu qədər humanist və mədəni olmasaydı nə olardı? Düşünürəm ki, Allah eləməsin, sizlərin əlinə bir rıçaq keçə nə edərsiniz? Daşı-daş, başı-baş üstə qoymazsınız. Ona görə də o kürsünü və səlahiyyəti heç zaman nə xalq sizə verər, nə də uca yaradan. Sosial şəbəkələrdə söyüş söyür, təhqir edirlər, öz leksikonlarına uyğun cavab alanda az qalırlar ki, dəli olsunlar ki, yaşıma, ağ saçıma niyə hörmət qoymursunuz? Bu saçları ağarmış, nimdaş düşüncə və həyata malik adamlara demək lazımdır ki, sən öz ağarmış saçına və yaşına hörmət qoymursansa, başqası necə qoysun?”

Deputat yekunda ölkəmizin müstəqiliyinin əbədi olduğuna inandığını vurğuladı.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR