İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsənov Ankarada, Papikyan Tehranda - müharibə hazırlığı?

Bölgədə hərbi gərginliyi tətikləmə cəhdləri Azərbaycan kimi Türkiyəni də narahat etməyə bilməz; Ermənistan Hindistandan gələn silahların İrandan tranzitini genişləndirmək istəyir - mümkün müharibə ssenarisi...

Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünlə də görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, Azərbaycanın müdafiə naziri  Türkiyəyə səfər edən gün Ermənistanın müdafiə naziri Suren Papikyan da İrana gedib. 

Sirr deyil ki, həm Fransa, həm də İran Türkiyənin Cənubi Qafqazda təsirlərinin artmasından çox ciddi narahatdır. Hələ də revanşist ümidlərlə yaşayan rəsmi İrəvan qonşu Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalamaq əvəzinə, Bakı və Ankaranı yeni hərbi avantüraya çəkməyə çalışır. Ermənistan Fransa, İranla bərabər, Yunanıstan və Hindistanı da bölgədə hərbi gərginliyi tətikləməyə cəlb etmək istəyir. Bu isə əlbəttə ki, Azərbaycan kimi Türkiyəni də narahat etməyə bilməz.

Azər Badamov: "Seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi ona verilən yeni  bir şansdır"

Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat” bildirdi ki, hazırda Fransa regionda çirkin oyunlar oynamağa çalışır. Bu məqsədlə Ermənistanı silahlandıraraq yenidən müharibəyə həvəsləndirir. O cümlədən İran və Hindistan da Ermənistana dəstək verməkdə davam edir:  “Ermənistanın Fransaya yaxınlaşması İranın maraqlarına da uyğun gəlmir. Bu baxımdan Ermənistanın ətrafında yaranmış koalisiyada qeyri-müəyyənliklər əmələ gəlir. Azərbaycanla Türkiyə müttəfiqlik haqqında bəyannamə imzalayıb. Türkiyə həm regionda söz sahibidir, həm də Azərbaycanın təhlükəsizliyi Türkiyənin qırmızı xəttidir. Çünki Azərbaycanın Avropaya enerji resurslarını nəql etdiyi dəhlizlər Türkiyənin ərazisindən keçir. Azərbaycan və Türkiyə bir-birinin iqtisadiyyatına 10 milyardlarla dollar qarşılıqlı sərmayələr yatırıb. O cümlədən Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət" müdrik kəlamı ilə münasibətləri formalaşdırıb. Bu o deməkdir ki, Azərbaycana yaranacaq hər hansı bir təhdid Türkiyəyə ünvanlanmış kimi qəbul olunur. Bu baxımdan, nə Fransa, nə də digərləri sözdə Ermənistanı şirnikləndirsə də, real işdə cəsarət tapıb Azərbaycana qarşı müharibə elan edə bilməz. Fransa, sadəcə, özünün əli altında olan Avropa Şurasının təsisatları və Avropa Parlamenti vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır və informasiya məkanında mübarizə aparır".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva bu səfərdə rəmzi bir mesaj görür: “Birincisi, bu görüş iki müttəfiq ölkənin hərbi-strateji əlaqələrində yeni mərhələnin anonsudur. Rəsmi xəbərlərdə açıqlanmasa da, çox güman ki, fikrimcə, bu səfər zamanı Azərbaycanda inşa ediləcək birgə PUA müəssisələrinin inşası ilə bağlı yekun danışıqlar aparılıb.   İkinci məsələ isə ölkələrin milli təhlükəsizlik təhdidləri ilə bağlıdır. İran-Hindistan, Fransa və Yunanıstanın Ermənistana hərbi dəstək verməsi regionda yeni təhdid ocağına yaşıl işıq yandırmaq deməkdir. Ona görə də Ermənistanın havadarlarına qarşı hansı addımların atılması ilə bağlı Azərbaycan və Türkiyə tez-tez birgə məsləhətləşmələr aparır. Üstəlik, Zakir Həsənov yeni hökumətin tərkibində yer aldı və o, ilk rəsmi səfərini qardaş ölkəyə yönəltdi. Bunun da rəmzi mesajı odur ki, biz iki dövlət olsaq da, bir-birimizə sarsılmaz tellərlə bağlıyıq. Çox güman ki, Ermənistan budəfəki təxribatlarda Azərbaycandan Türkiyəyə uzanan geostrateji layihələri hədəf alacaq. Həmin təxribatları Gürcüstan da çox yaxşı anlayır və Tiflisin də maraqlarına ziddir. Fikrimcə, Azərbaycanla Türkiyənin yeni müttəfiqi Gürcüstan ola bilər. Bu isə Ermənistanın siyasi və iqtisadi blokadası, tamamilə İrandan asılılığı deməkdir. İran isə özü Qərbin embarqosu altında çabalayır. İndiki durumda Azərbaycanın Ermənistana verəcəyi heç nə yoxdur. Bu baxımdan, İrəvan təxribatçı addımlarından əl çəksə, daha yaxşı ola bilər. Düşünürəm ki, nazir Zakir Həsənovun Türkiyəyə səfərinin əsas məqsədi regionda yeni təhlükəsizlik çəmbərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Növbəti aylarda bu barədə bütün qapalı elementlərin üzə çıxacağının şahidi olacağıq. Yalnız onu deyə bilərəm ki, bu təhlükəsizlik zolağı Zəngəzur dəhlizinin açılmasını və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək”.

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli 

Hərbi ekspert Emin Həsənli belə səfərlərin önəminin olduqca yüksək olduğunu söylədi: “Dünyada türk ordusunun gücü və qüdrəti hər kəsə bəllidir. Fransa, İran, Yunanıstan və Hindistan kimi ölkələrlə yaxınlıq Ermənistana xeyir gətirməyəcək. Hindistan və Fransa Qafqazda özlərinə güc dayağı axtarırlar. Amma niyyətləri həyata keçməyəcək. Qüdrətli Azərbaycan və Türkiyə kimi dövlətlər var. İki qardaş ölkənin hər sahədə yüksək əməkdaşlığı mövcuddur. Gürcüstan, türkdilli dövlətlər bura daxildir. O cümlədən, Pakistanla çox yaxın əlaqələrə sahibik. Bu sıraya İsraili əlavə edə bilərik. Bütün bu əlaqələr gerçəkdən dərinləşir. Bu dövlətlərin hər biri Azərbaycanla əməkdaşlıqdan məmnundur. Hər zaman Azərbaycan sözünə bütöv olduğunu göstərib. Cənab Ali Baş Komandan qarşısına məqsəd qoyub ki, Azərbaycan Ordusu tam şəkildə türk modelinə keçsin. Bu istiqamətdə xeyli işlər görülüb. Quru qoşunları, yeni hərbi komandolar yaradılıb. Türkiyə ilə bir yerdə hərbi təlimlər keçiririk. Azərbaycanın Müdafiə Universiteti yaradılıb. Yeni hərbi hissələr tikilir. Silah istehsalı da çox önəmlidir”.  

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Politoloq Asif Nərimanlı Cənubi Qafqazda geosiyasi mübarizənin kəskinləşdiyi və Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığının müşahidə edildiyi dövrdə Bakı və İrəvanda hərbi rəhbərliyin səfər marşrutlarına diqqət çəkib. A.Nərimanlıya görə, Ermənistanın sürətlə silahlandırılması - Fransa, Yunanıstan, Hindistan, ardınca İran - mümkün təhlükənin nədən ibarət olduğunu aydın göstərir: “Rəsmi İrəvan hərbi sferada diversifikasiya siyasətini apardığını elan etsə də, bütün addımların Rusiyaya qarşı Cənubi Qafqazda Ermənistan üzərindən ikinci cəbhənin açılmasına hesablandığı sirr deyil. Və bu ssenarini Ermənistanın Azərbaycana hücumu, sərhəddə eskalasiyanın yaradılması vasitəsilə həyata keçirmək istədikləri də bəllidir. Qərb mümkün eskalasiya ilə Ermənistanın təhlükəsizlik sferasına rəsmi şəkildə daxil olmaq haqqı qazana bilər, İrəvan isə sülh gündəliyini sıfırlamağı, Bakı ilə danışıqlarda mövqelərini gücləndirməyi hədəfləyir. Və mümkün eskalasiya ssenarisində İranın Ermənistan üçün regional əhəmiyyəti böyükdür.

Birincisi, İrəvan Qərbin dəstəyi ilə tətbiq edəcəyi müharibə ssenarisində Türkiyə və Azərbaycanla yanaşı, Rusiya ilə də üz-üzə gələcəyini bilir: İranın bu ssenaridə əks cəbhədə yer alması Ermənistan üçün çətin vəziyyət yarada bilər.

İkincisi, mümkün eskalasiyada Qərb nə qədər Ermənistana dəstək versə də, regional müstəvidə proseslərə birbaşa müdaxiləsi ən azı coğrafi baxımdan çətindir: buna görə İrəvan Tehranın dəstəyini almaq, həm regional balansı müəyyən qədər saxlamaq, həm də hərbi toqquşma zamanı əks cəbhəyə - Ankara-Bakı-Moskva - qarşı regional müstəvidə təklənmək istəmir.

Papikyanın Tehrana səfəri İranla hərbi əməkdaşlığı genişləndirmək, bu ölkədən silah almaq, həmçinin Hindistandan gələn silahların tranzitini genişləndirməklə yanaşı, mümkün müharibə ssenarisinə hazırlıq məqsədi də daşıyır.

Rəsmi Bakının hadisələrin inkişafını və perspektiv riskləri dəyərləndirdiyi məlumdur. Bu kontekstdə Papikyanın İrana getdiyi gün Zakir Həsənovun Türkiyəyə səfərinə də mümkün müharibə ssenarisinə hazırlıq kimi baxmaq olar".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR