Onlayn ictimai-siyasi qəzet
"Hər il mart ayının 8-i məni bir dənə qızıl güllə təbrik edərdi"...
Həmişə deyəndə ki, "Ülvi adam onu nişanlısına, istədiyi qıza, sevgilisinə verər".
Deyərdi ki, "Mənim ilk sevgim də son sevgim də sənsən mama. Mən öz aşkıma verirəm gülü. Sən mənim aşkımsan".
Ana və Vətən!
Onu başqa heç nə maraqlandırmırdı...
Birinci sinifdə oxuyanda mart ayında şəkil çəkmişdi. Rəsmdə Azərbaycan bayrağının şəklini çəkərək "8 mart yaxınlaşır" yazmışdı.
Üst tərəfdə isə: "Səni sevmiyən insan olmaz, olsa da, o, şəxsdə vicdan olmaz!" misralarını qeyd etmişdi.
Çox duyğulanmışdım.
Oğlum, İqbal, onu da bil ki, bu şəkli ilk adamsan ki, sənə göndərirəm.
Hələ bir yazısı da var. Yazıb ki, "Vaxt gələcək Ülvi Hacıyevi bütün Azərbaycan tanıyacaq!"
O vaxt mən onun yazısını oxuyanda başa düşməmişdim. Fikirləşirdim ki, hardasa işləyəcək, savadına görəmi ya nəyəsə görə tanıyacaqlar. Amma indi bilirəm ki, Ülvi nə hisslərlə yazıbdır o yazını.
Savadlı idi, hər şeyi öz yerində idi. Vətəni sevməyini bilirdim çox sevir amma bu boyda sevməyini onu sonradan dostlarından, tanışlarından, gömrükdə işlədiyi iş yoldaşlarından...nə bilim... Mən Ülvini bəlkə də yaxşı tanımamışam. Xalqımız onu mənə tanıtdırdı...
Onun arzusu idi. Niyyətin hara mənzilin də ora. Mən ona yalvardım. Anayam, sanki hiss etmişdim. Bəlkə getməsin deyə ayaqlarına düşdüm.
Bircə onu dedi ki, "Mən könüllü yazılmışam. Sabah bir nəfər mənə desə ki, yazılmışdın niyə getmədin?! Mən bu şərəfsizliyi öz üzərimə götürə bilmərəm!"
İtkin düşmüşdü... 50 gün dedilər ki, yaşayır. Əlli gündən sonra bir gecənin içində dedilər ki, Şəhid olub.
Ülvim yaşayır. Sanki elə bilirəm ki, bir gün möcüzə olacaq. Qapı döyüləcək. Yaxud da hardansa eşidəcəm ki, Ülvi gəlir....
O mənə hər zaman deyirdi ki, "Mən evimizin, ailəmizin güzgüsüyəm. Ən əsası da sənin güzgünəm."
Bu gün demirlər, "Ülvi, maman gəlir" Deyirlər ki, "Ülvinin anası gəlir".
Mən o adı daşıyıram. Yaxşı bilirəm ki, onun adına layiq ana olmalıyam. Həyatımın adını Ülvi qoymuşam!
Qeyd: Həmidə ana ilə arasıra whatsap üzərindən mesajlaşırıq. Bir-birimizdən hal-əhval tuturuq. Dörd ay öncə aramızda keçən dialoqu yazıya almağı düşündüm. O vaxt Həmidə ana Ülvimizin balaca əlləriylə çəkdiyi rəsmi atanda o qədər təsirlənmişdim ki...
Sabah 8 martdır. Təsadüfən anamızın dörd ay öncə göndərdiyi o rəsmi xatırladım....
Düşündüm belə bir möhtəşəm şəkil gizli qalmalı deyil.
Bu illər ərzində bir şeyin şahidi olmuşam. Şəhid olan insanlar sanki uşaqlıq illərindən bu məqama hazırlıq görürmüşlər. O ana doğru can atırmışlar.
Ülvimizin və onun timsalında Azərbaycanımızın azadlığı, ərazi bütövlüyü uğrunda öz əziz canlarından keçərək Vətən olan əziz övladlarımızın ruhları şad olsun. Nur içində uyusunlar.
Həmidə anamızı və onun timsalında Şəhid analarımız başda olmaqla, bütün qadınlarımızı 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edirəm.
Hörmətlə: Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ