Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyinin keçmiş sözçüsü Conatan (Con) Elliott hesab edir ki, Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək.
Musavat.com xəbər verir ki, o, bu mövqeyini “Politico” qəzetinin saytında dərc olunan məqaləsində açıqlayıb.
Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda “tam xaos” içində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın müdafiə strukturunun “pozulması” “yüksək məmurlarını məsuliyyətə cəlb etməklə” məşhur olan ABŞ prezidenti Donald Tramp üçün “diqqəti yayındırma” faktına çevrilib: "Bunu nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir”.
Elliot xatırladıb ki, ötən həftə ABŞ müdafiə nazirinin baş qərargah rəisi Co Kasperin istefa verəcəyi məlum olub və bundan əvvəl Pentaqonun baş qərargah rəisinin müavini Darin Selnik, eləcə də müdafiə nazirinin müşaviri Den Kolduel inzibati məzuniyyətə göndərilib: “Sadə dillə desək, Pentaqon tam bərbad vəziyyətdədir”.
Onun sözlərinə görə, son bir ay ərzində “Pentaqonun diqqəti döyüş əməliyyatlarından sonsuz dramlara çevrilib” və Tramp Pentaqonun "rəhbərliyini təmizləmək" qərarına gəlsə, nazirlik işçilərinin çoxu onu "alqışlayacaq".
Qeyd edək ki, aprelin əvvəlində Pentaqonun Baş Müfəttişlər İdarəsi ABŞ-ın Yəmənə hərbi zərbələri ilə bağlı məlumatların Signal messencerində sızması ilə bağlı araşdırmaya başlayıb. Ofisin dediyinə görə, yoxlamanın məqsədi müdafiə katibi və digər Pentaqonun rəsmilərinin iş məqsədləri üçün kommersiya mesajlaşma proqramlarından istifadə ilə bağlı qayda və prosedurlara nə dərəcədə əməl etdiyini müəyyən etməkdir.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ