İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin gün Prezident o xəbəri verdi: Vətən müharibəsinin 3 oktyabrı necə keçmişdi?


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Musavat.com 44 günlük Vətən müharibəsinin 3 oktyabr xronikasını təqdim edir:

Saat 08:23 radələrində Ermənistan Qarabağın şimal və cənub hissəsində şiddətli döyüşlərin getdiyini bildirdi.

Saat 10:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması və ona sarsıdıcı zərbələr endirilməsini özündə əks etdirən videogörüntüləri yayımladı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Gecə Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutuldu.

Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki vətəndaş xəsarət adı.

Onlar Qapanlı kənd sakinləri, 1984-cü il təvəllüdlü Quliyev Vasif Qasım oğlu və 1985-ci il təvəllüdlü Quliyev Pərviz Cəfər oğludur. Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun ağır itkilər verdiyini özündə əks etdirən daha bir videogörüntülər yayımladı.

Saat 19 radələrində Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı həlak oldu.

Eyni zamanda 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildilər.

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqladı. 

Həmçinin İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edildi.

Azərbaycan Ordusu həmin gün ərzində həmçinin Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edildi.

Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.

Baş Prokurorluq MƏLUMAT YAYDI: Sentyabrın 30-da...

Baş prokurorun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR