İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimdən “ağıllılıq kağızı” alan prezident və peşman olmuş seçicilər

Siyasətdə yanılmalar çox olur. Xüsusilə də seçkilərdə. Ələlxüsus da demokratik ölkələrdə.

Bir də görürsən, seçicilər bir hay-küylü kampaniya aparan, bol vəd verən partiyaya səs verir, hakimiyyətə gətirirlər, 6 aydan sonra başa düşürlər ki, hakim partiyanın əlindən-qolundan bir iş gəlmir, peşman olurlar, gələn dəfə o partiyaya səs vermirlər, iş bitir.

İndi Amerikadan gələn xəbərlərə görə, Trampa səs verənlər də xeyli dərəcədə peşman olublar. Adamın prezidentliyinin 100 günü tamam olmayıb, amma üzünü necə göstəribsə, qədirbilən, qanunpərəst Amerika xalqı deyir ki, deyəsən, yanılmışıq.

Özü də ABŞ xalqı adətən öz hiss-həyəcanlarını sərt sözlərlə, söyüş-qarğışla ifadə etmir, eləcə, yumşaq və qəti şəkildə ifadə edir: “Yanılmışıq”. Bu, həlledici qənaətdir.

Onlar məişətdə də belədirlər. Evlənirlər, 1-2 il xoşbəxt-xoşbəxt yaşayırlar, amma görəndə ki, xasiyyətləri düz gəlmir və yavaş-yavaş bədbəxtləşirlər, bir axşam qarşı-qarşıya otururlar, biri deyir: “Mənə elə gəlir ki, biz yanlış seçim etmişik. Yollarımızı ayırmaq hər ikimizə faydalı olacaq”. Vəssalam.

Ta bizdəki kimi ailə daxilində sözləri çəpləşəndə “səni mənə calayanın var-yoxuna nəhlət!”, yaxud da “sənə gəldiyim günə daş düşəydi!” kimi (və daha ağır) sözlər işlətmir, ondan sonra bir evdə yaşamağa davam etmirlər. Ya da məhkəmə zallarında qırğına çıxmırlar.

Deyirlər (daha dəqiqi, yazırlar) ki, Tramp dünya ölkələrinə ticarət süpürləşməsi elan etdiyi həftə yerli camaat daraşıb marketlərə, ilkin tələbat mallarını araba-araba alaraq ehtiyatlarını tutublar. Qorxurmuşlar ki, nəsə qıtlıq, aclıq olacaq. 2020-ci ilin aprelində, pandemiyanın təzə vaxtı bizdə necə olmuşdusa, elə bir vəziyyət yaranıb.

Yadınızdadırsa, həmin vaxt bizdə supermarketlərdə araba sürmək mümkün deyildi. Rəflərin arası alıcı arabaları ilə doluydu. Özü də ərzaqla dolu arabalarla. Makaron, vermişel, düyü, qarabaşaq yarması, noxud, lobya, bulqur və sair bu kimi nemətlər yığılan rəfləri necə silib-süpürmüşdülərsə, gecikən adamlar özlərini bədbəxt sayırdılar, elə bilirdilər, pandemiya aclığında qırılıb gedəcəklər. Xoşbəxtlikdən, ertəsi gün məlum oldu ki, marketlər adı çəkilən ərzaq malları ilə doludur. Gecəylə anbarlardan gətirib vurmuşdular rəflərə.

Amerikalılar o günə düşübmüş. Hazırda bir az toxtayıblar. Həm məlum olub ki, ərzaq anbarları ləbə-ləb doludur, həm də Tramp arada geriyə də addımlar atır, qərarlarına düzəliş edir. Yəni Amerikanı qıtlıq və aclıq gözləmir.

Bununla belə, Trampın öz partiyasının üzvlərinin arasında haçalanma əmələ gəlib. Bir qanad hesab edir ki, deyəsən, səhv ediblər, hakimiyyətə gicbəsərlər komandası gətiriblər. O biri tərəf isə deyir, yox, Tramp nə etdiyini bilir, nə qərar verirsə, demək, elə məsləhətdir.

Keçən ilin sonunda seçkini uduzmuş demokratlar da orda-burda qımıldanırlar, “biz demişdik ki, bu adam ölkə idarə etmək iqtidarında deyil” kimi cümlələr qurur, “Amerikanı dağıtmamış bunu impiçment etmək lazımdır” kimi təkliflər verirlər. Əgər onlar Trampı vaxtından tez istefaya göndərsələr, azı 2 müddət respublikaçıların gününü qara edəcəklər: “Gəlmişdiniz dəə, gördük. Çinə bayraq taxırdınız, İranı parçalayırdınız” və s.

Bu qarmaqarışıqlıqda Trampın ağlının yerində olub-olmamasından o qədər danışblar ki, ser həkimə gedib, başına baxdırıb, kağız, arayış alıb ki, ağlı, yaddaşı yerindədir. Əlbəttə, həkimlər ona deyəsi deyildilər ki, stasionar müalicəyə ehtiyacın var. Trampa başqa ölkənin həkimləri baxsaydı, daha dəqiq diaqnoz verə bilərdilər. Ancaq ola bilər, Amerikanın öz həkimləri də ona nəsə bir-iki dərman yazıblar ki, yeməkdən sonra bunları iç.

Hər halda Tramp indən belə əvvəlki kimi hirsli-hikkəli çıxışlar etməsə, impulsiv qərarlar verməsə, bilin ki, ona yazılan dərmanlar effektivdir.

Bir çox amerikalılar isə oturub gün sayırlar: “3 il 9 ay 6 günü qaldı, canımız bundan qurtaracaq”.
Bu, o deməkdir ki, amerikalılar gələn dəfə Trampa səs verməyəcəklər. Hərçənd ser özü elə düşünmür və 2028-ci ildə də prezidentliyə namizəd olmaq istəyir. O vaxta qədər dağıdıb qurtarmasa, ABŞ dövlət olaraq mövcudluğunu davam etdirsə, o, mütləq namizəd oacaq.

Bu arada, deyilənə görə, Amerikada Metyu Kruksa lənət oxuyanların sayı da artıb. Bunun səbəbini yazmağa vaxt və həvəs yoxdur. Google-də “Metyu Kruks” və ya “Trampa güllə atan gənc” yazın, axtarış verin, biləcəksiniz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR