İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanadakı uçqunda ölən Mustafayev niyə həbs edilmişdi? - CİNAYƏT DOSYESİ

Xəbər verdiyimiz kimi, dünən saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının uçması zamanı xəsarət alan məhbus ölüb.

Musavat.com xəbər verir ki, həmin şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu olub.

Mövlam Mustafayevin cinayət işinin təfərrüatını təqdim edirik:

O, Ucar rayonunda qonşusunu qətlə yetirməkdə ittiham olunaraq həbs edilmişdi.

1960-cı il təvəllüdlü Mövlam Mustafayev 2020-ci ilin iyulun 10-da Ucarın Yuxarı Şilyan kəndində yerləşən yaşayış evini və həyətyanı sahəsini su ilə təmin etmək üçün Bağman kəndindəki su arxının bəndini açıb, sonra yaşadığı evə tərəf qayıdıb.

Mövlam Mustafayev saat 9 radələrində yaşadığı kənddə "Baba Məhərrəmli" məhəlləsində "Gülnisə" adı ilə tanınan bərənin yanında qonşusu Qəzənfər Musayevin onun həyətinə doğru axan suyun qarşısını kəsməyə çalışdığını, suyu öz torpaq sahəsinə istiqamətləndirdiyini görüb, ona etirazını bildirib.

Bu zaman Qəzənfər Musayev onun və ailəsinin ünvanına nalayiq sözlər deyib. Bundan əsəbiləşən Mövlam Mustafayev əlində saxladığı belin sapı ilə yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Qəzənfər Musayev aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Mövlam Mustafayev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mövlam Mustafayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdi.

Onun ifadəsinə görə, iyulun 10-da, səhər saat 05.30-da bel götürərək yaşadığı evdəki hovuzu doldurmaq üçün su arxını açmaq məqsədi ilə piyada Bağman kəndinə gedibmiş:

"Su arxında bəndi açdıqdan sonra kəndə tərəf qayıtdım. Saat 9 radələrində qonşum Qəzənfərin əlindəki bellə bərənin yanında mənim yaşayış evimə gedən suyu öz torpaq sahəsinə istiqamətləndirdiyini gördüm.

Su bərəsinin üstündə olan təkərlə palçıqdan qarışıq bəndin üstündə dayanaraq Qəzənfər Musayevə etirazımı bildirdim. Yaşayış evimə gedən suyun qarşısını kəsməməsini xahiş etsəm də, Qəzənfər suyu öz torpağına tərəf suyun istiqamətləndirməkdə davam etdi. Məni və ailəmi nalayiq sözlərlə təhqir etdi. Nalayiq sözlərə əsəbiləşdim, əlimdəki bellə qarşımda yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevə ardıcıl iki zərbə vurdum".

Mövlam Mustafayev qeyd etmişdi ki, Qəzənfər Musayevi öldürmək niyyəti olmayıb:

"Kürək nahiyəsinə vurub, ona xəsarət yetirmək istəsəm də, zərbə başından dəydi. Zərbədən sonra Qəzənfər üzü üstə arxa sarı yıxıldı və başından qan axmağa başladı. Qanı görüb qorxdum, evə tərəf qaçdım. Həyətdə arvadıma yaxınlaşaraq qonşumuz Qəzənfəri su bərəsinin yaxınlığında bellə vuraraq öldürdüyümü bildirdim. Arvadım buna inanmayaraq dediklərimi zarafat kimi qəbul etdi. Beli yaşayış evinin arxasına qoyduqdan sonra evə qalxaraq yataq otağında bir stəkan su içdim.

İstifadə etdiyim və yataq otağında stolun üstündə olan smartfon tipli olmayan mobil telefonu götürərək dəhlizə çıxdım, 102 xidmətini yığaraq bellə qonşum Qəzənfəri vurduğumu bildirdin. 102 xidməti ilə mobil telefonla danışdıqda digər yataq otağından gəlinim, arxasınca isə oğlum və nəvəm çıxdı.

Həmçinin mobil telefonla Bakı şəhərində yaşayan oğluma zəng etdim, hadisə barədə məlumat verdim. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldi".

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlam Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR