Onlayn ictimai-siyasi qəzet
Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı özünə qaytarıldı
Xəbər verildiyi kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısının iki əmlakı üzərindən həbs qərarı götürülüb. Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır. Alimpaşa Məmmədovun Bakıda yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.
Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Belə ki, 7 il icra başçısı işləmiş Alimpaşa Məmmədov son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini, hansısa şərtlə azadlığa buraxılmasını xahiş edib. O, xahişini iş üzrə dəymiş ziyanın ödənilməsi, şikayətçinin olmaması ilə əlaqələndirib. Alimpaşa Məmmədov azadlığa çıxmaq istəməsinin əsas səbəbini işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etmək arzusu ilə əlaqələndirib: “Mən 3 ildən çoxdur həbsdə yatıram. İşləyən adamam, içəridə dayana bilmirəm. Ən əsası isə Qarabağda aparılan quruculuq işlərində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni buraxın, azad olunmuş ərazilərin yenidən dirçəlməsinə faydam olsun. Vəssalam! Son sözüm bundan ibarət idi”.
Rəşid Mahmudov
Alimpaşa Məmmədovun səsləndirdiyi fikirlərlə bağlı Bakupost.az-a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib. Rəşid Mahmudov həbsdə olan sabiq icra başçısına cəza verilməsinə tərəfdar olduğunu deyib: “Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin pulu ilə özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu, qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdir, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”.
Seymur Verdizadə
Seymur Verdizadə isə mövzu barədə bunları yazıb: “Yaxşı ki, Azərbaycanda qanunlar işləyir. Yaxşı ki, yalançıların və talançıların Qarabağa uzanan yolunun qarşısında dəmir barmaqlıqlar var. Onlar Qarabağa həmin barmaqlıqlar arxasından baxsalar yaxşıdır...”
Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyəti ilə məşğul olduğu deyilən Alimpaşa Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Alimpaşa Məmmədova oxunan hökm nə qədər ədalətdir? Bəs həbsdəki icra başçısı niyə Qarabağa can atır və əgər müharibə zamanı olsaydı, döyüşə gedərdimi?
Tural Abbaslı
AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, Alimpaşa Məmmədov “boğazdan yuxarı” danışır, səmimi deyil: “Alimpaşa Məmmədovun müraciəti qeyri-səmimi olmaqla yanaşı, həm də qeyri-hüquqidir. Məhkəmə istəsə belə onu açıb buraxa bilməz. Alimpaşa Məmmədov özü də bunu bilir, amma populist çıxışından da qalmır. Bu çıxış həm də məmur olaraq bu insanların kafasının hansı səviyyədə olduğunu göstərir”.
Tural Abbaslı Alimpaşa Məmmədova qanunun ən sərt üzünün göstərilməsinə tərəfdar olduğunu da açqılayıb: “Şəmkirin altını-üstünə çevirən biri Qarabağda hansı işlər görəcək? Alimpaşa Məmmədov Şəmkirdə törətdiyi cinayətləri boynuna alır və Qarabağda da eyni tərzini davam etdirmək istəyir? Şəmkirdə 300 min manatlıq əmlakı 300 manata oğlu Adil Adilzadənin adına rəsmiləşdirən birindən başqa nə gözləmək olar? Alimpaşa Məmmədov 11 il 6 aylıq cəzasını son gününə qədər çəkməlidir ki, digəriləri də onun yolu ilə getməkdən çəkinsinlər”.
Əkrəm Həsənov
Tanınmış hüquqşünas Əkrəm Həsənov da Alimpaşa Məmmədovun məhkəmədəki çıxışını qeyri-səmimi hesab edir: “Qarabağ işğal altında olsaydı və Alimpaşa Məmmədov "göndərin, Qarabağda vuruşum" desəydi, onu haradasa başa düşmək olardı. İndiki halda isə onun çıxışı ciddi qəbul olunmur. Alimpaşa Məmmədovun həbsindən sonra üzə çıxdı ki, o, Şəmkirdə dövlət əmlaklarını oğlu Adil Adilzadənin adına qəpik-quruşa özəlləşdirib. Həmin əmlakların isə real bazar dəyəri 10 milyon manatı aşır. Bəs 2020-ci ildə, Vətən müharibəsi başlananda Alimpaşa Məmmədov oğlu Adil Adilzadəni Qarabağı işğaldan azad etməyə göndərmişdimi? Yoxsa ölkə sərhədlərindən uzaqlara yollamışdı? İndi, həbsə düşəndə Qarabağ yada düşüb? Bu qədər qeyri-səmimilik elə Alimpaşa Məmmədova yaraşır".
Əkrəm Həsənov deyib ki, Azərbaycanda məmurlar gəlir bəyannaməsi vermədikləri müddətdə dövlət əmlakının, dövlət büdcəsindən ayrılan 100 milyonlarla manatın mənimsənilməsi də davam edəcək: "Alimpaşa, onun kimi vəzifədə olub dövlət büdcəsindən ayrılan milyonları mənimsəyən hər kəs yaxşı bilir ki, oğurlayacaq, 3-5 il cəza çəkəcək və bir yol tapıb azadlığa çıxacaq. Bundan sonra da gedib oğurladığı milyonları rahat şəkildə özünün bildiyi kimi xərcləyəcək. Bu cür arxayınçılıq, həbs müddətinin az hissəsini çəkib azadlığa çıxacaqlarına əminlikləri oğurluqların miqyasını genişləndirir, dövləti isə bütün mənalarda zəif salır".
Əkrəm Həsənov deyib ki, rüşvət və korrupsiyaya görə həbs olunan hər bir məmur ona verilən cəzanı son günə qədər çəkmədən azadlığa buraxılmamalıdır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ