İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki iş adamı Ramiz Mehdiyevi nə ilə təhdid etdi? – Əvəz Zeynallı ilə “Canlı debat”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəməyə hazırlıq iclası ilginc açıqlamalarla yadda qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda vəkillər Elçin Sadıqov və Pərviz Məmmədov iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıblar.

Müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Hər iki vəsatət baxılmamış saxlanılıb.
Bundan başqa, məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsi istənilib. “83 yaşlı adamdır, lazım deyil”, - Rasim Məmmədov vəsatətə münasibət bildirib.

Məhkəmə zərurət yaranacağı halda əlavə şahidlərin çağırılmanın mümkün olacağını qeyd edərək vəsatəti baxılmamış saxlayıb. Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.

R.Məmmədov diqqətçəkən digər açıqlamalar da verib. Haqqın.az xəbər verir ki, R.Məmmədov “məni xəyanətdə ittiham edirlər, amma mən heç vaxt prezidentə xəyanət etməmişəm. Amma mən danışanda hamı biləcək ki, satqın kimdir” deyib.

Həbsdəki iş adamı vəsaitlərin mənimsənilməsi ilə bağlı ittihamları rədd edərək, dövlətə əksər məmurlardan daha çox gəlir gətirdiyini deyib.
“Mən sahibkaram və özüm pul qazanmışam. Başqaları da gəlib mənə qoşuldular. Mən əksər məmurlardan daha çox dövlətə yaxşılıq etmişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə bu layihəni müzakirə etdik. Hər şey yaxşı gedirdi və hamı bundan pul qazanırdı. Hər şeyi dağıtmaq və bu farsı təşkil etmək kimə lazım idi?” Rasim Məmmədov deyib. O, həmçinin “üç nəfər arasında aparılan” danışıqların təfərrüatlarını açıqlamaq istəmədiyini, lakin mövcud şəraitin ona seçim qoymadığını bildirib. “Mən Dövlət Təhlükəsizliyi Xidmətinin 15 kv.m sahəsi olan təkadamlıq kamerada sakit yaşayıram. Amma azadlıqda qalanlar bundan narahat olsunlar. Mən kitab yazıram ki, orada son 11 il ərzində aparılan danışıqlar və pul köçürmələrinin bütün təfərrüatlarını dərc edəcəyəm”.

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Onun 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərində ittiham olunur.

R.Mehdiyevin məhkəmə çağırılması barədə vəkillərinin vəsatətinə “83 yaşlı adamdır, lazım deyil” reaksiyası əslində nə deməkdir? Həmin “üç nəfər”in sırasında PA-nın keçmiş rəhbərinin də olması ehtimalı nə qədərdir? Həbsdəki bu cür “danışacam” təhdidi onu xılas edə bilərmi?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Xural TV-nin rəhbəri Əvəz Zeynallı olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR