Onlayn ictimai-siyasi qəzet
Ali Məhkəməyə hazırda həbsdə olan Sumqayıt şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudov kassasiya şikayəti daxil olub.
Musavat.com xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. İlyas Mahmudov 2008-ci ildən 2019-cu ilə kimi Sumqayıt şəhər Məhkəməsinin hakimi olub.
O, ədalətsiz hökm və qətnamə çıxarmaqda ittiham edilərək həbsə alınıb. İttiham görə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət tələb edərək alıb. 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.
İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mahmudov 9 il müddətinə azadlıqdan mərhum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. İlyas Mahmudov barəsindəki hökmü ədalətsiz hesab etdiyindən Ali Məhkəməyə üz tutub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ