Onlayn ictimai-siyasi qəzet
Yasamalda supermarketlərin birində qeyri-adi olaya imza atmış İkram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir.
Musavat.com xəbər verir ki, İkram Hüseynov ötən il Yasamaldakı supermarketlərdən birinə gələrək spirtli içkilər olan piştaxtaya yaxınlaşıb və oradakı spirtli içkiləri götürərək döşəmənin üstünə çırpıb sındırıb. Mağazada olan satıcılar aqressiv müştəriyə yaxınlaşmağa ehtiyat ediblər. O, ticarət obyektindən gedəndən sonra əraziyə gələn hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparıb 9 min manata yaxın ziyan hesablayıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İkram Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.
İkram Hüseynov məhkəmədəki ifadəsində spirtli içkiləri haram olduğuna görə məhv etdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən İkram Hüseynovun 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi iyunun 3-nə təyin edilib.
E.Məmmədəliyev,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ