İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamısı xalqa qalacaq

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hökuməti qurulandan sonra varlı insanların əmlakını tutub əllərindən aldılar. Hansısa kənddə bəyin evi dönüb oldu məktəb. Şəhərdə neft milyonçusunun saray-imarətini universitet binası elədilər. Varlı burjuaziyanın mülkləri xəstəxana, muzey, yetimlər evi və sairə təyinatla da işlədildi.

Sevindirici haldır ki, hazırda dövlətimizin humanitar siyasəti həmin tarixi bünövrə üzərində qurulmaqdadır. İcra hakimi korrupsiyada suçlanıb tutulursa, onun evini sosial məqsədlər üçün ayırırıq. Məsələn, Neftçalanın keçmiş icra başçısının villasında indi “Qızıl balıq muzeyi” yerləşir. Keçmiş MTN-in keçmiş generalı Akif müəllimin Bakıdakı imarəti “Aqil Xəlil adına Jurnalistlər Evi”nə çevrilmişdir. Beynəlxalq Bankın keçmiş şefi Cahangir müəllimin xanımı Zamirə Hacıyevanın Londonda univermaqda xərclədiyi 1 milyon yarım funt-sterlinq ölkəmizin xaricdə təbliğatında mühüm rol oynamışdır.

Belə şeylər çoxdur. Say ki, sayasan. Tükənmək bilmir. Neft-qaz tükənəcək, bunlar yox.

Ona görə uca millətimiz tikinti-quruculuq işlərinə müsbət yanaşır. Hamı televiziyalara intervü verəndə istər-istəməz vurğulayır: “Qoy tiksinlər, yaratsınlar, onsuz axırda hamısı xalqa - bizə qalacaqdır”.

Bizə qalan sərvətlər siyahısında son günlər aktuallaşan bir maddə vardır, istərdim onu da sizlərlə bölüşüm. Bu, avtomobillər, nəqliyyat vasitələridir.

Görürsən birdən hökumət hərrac elan etdi, orda avtomobil satışa qoyuldu. Hansısa “Ləndrover”, “Cip”, canım sənə desin, “Nissan”-"Missan"... Bunun özü hökumətin xalqa böyük lütfüdür. Çünki hərrac, auksion haqda məlumatları oxuyanda açıq görürsən ki, həmin bu maşın, məsəl üçün, dünənəcən filan nazirliyin maşını olmuşdur. Nazirliyin ismi-şərifini oxuyanda adamı qorxudan tər basır, mən heç indi o nazirliyin adını yaza bilmirəm, lakin sənə onun maşını təklif edilir! Fantastikadır. Əsl idarəetmədir. Demokratiyadır. Bəlkə də nazir özü həmin maşını sürüb, hər gün səhərlər şeh damcıları otlar üstünə qonanda xalqa xidmət üçün iş yerinə tələsmişdir. İndi isə oturduğun yerdə bu maşını əldə etmək imkanın var. Halbuki xarici kapitalist ölkələrdə belə maşınlar nadir hallarda tapılır. Məşhur adamın əmlakı asan iş deyil...

Bu günlərdə hərracda Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus traktor gördüm. Təsəvvür elə. Dövlət nəinki minik avtomobilləri, hətta traktorları da bizə təklif edir. Minnətdarlıq duyğusundan ağladım. Elanda traktorun xüsusiyyətləri göstərilmişdi: “Təkərli traktor Başak-2073, buraxılış ili 2006, start qiyməti manatla 1000, traktor uzun müddət istismar olunmuş, fiziki cəhətdən köhnəlmiş, nəticədə yenidən bərpası mümkün deyil. Yararsız vəziyyətdə olan hissələr, mexanizmlər və detallar: mühərrik, arxa körpü, starter, yüksək təzyiqli yanacaq nasosu, faralar, əyləc sistemi, kollektor, generator, ban, cihazlar”. Traktorun fotosu verilmişdi, təkərləri də partlamışdı. Ancaq xalqa təklif edilir! Əsas olan bu deyilmi?

Yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi “CHEVROLET EPICA” avtomobili satır. 2007-ci ilin maşınıdır. Start qiyməti 6000 manatdır. Nəqliyyat vasitəsinin mühərriki qeyri-müntəzəm işləyir. Normadan artıq yağ işlədir, tüstüləyir. Əyləc qəlbləri (belə də yazmışdılar - əlbəttə, qəlib xaricdə olur, bizim idarələrin maşını qəlblə tormozlanır - Z.H.) yararsızdır. Akkumulyator batareyası yararsızdır. Avtomobilin kuzovunda və qapılarında əzilmiş, deformasiya olunmuş hissələr var. Təkrar hərraca çıxır.

5 sentyabrda bunu gedib alın. Çünki böyük ehtimal hələ Artur müəllim bununla işə gəlib-getmişdir. Tarixi maşındır.

Sözgəlişi, bəzi maşınlar 5-10 dəfə hərraca çıxır, qiyməti azaldılır, ancaq alan olmur. Bu da xalqımızın öz tarixinə laqeyd və biganəliyinin göstəricisidir. Gəlin belə olmayaq. Belə olmaqdansa, elə olmaq - ellə olmaq yaxşıdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR