Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tiflis meri Kaxa Kaladze və hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvilinin kiçik oğlunun Kölndə keçmiş UFC çempionu dağıstanlı Həbib Nurməhəmmədovla görüşü hər iki ölkədə ciddi reaksiyalar doğurub. Sosial şəbəkələrdə qeyri-rəsmi görüşün fotosu yayımlanıb. İclasda hansı mövzuların müzakirə olunduğu məlum deyil.
Kobaxidze, Kaladze, İvanişvili və Nurməhəmmədov İspaniya və Gürcüstan yığmaları arasında ispanların 4:1 hesablı qələbəsi ilə başa çatan oyunu izləyiblər.
Musavat.com xəbər verir ki, Tiflis meri keçmiş futbolçu Kaladze özü sosial şəbəkədə Nurməhəmmədov və İvanişvili ilə çəkilmiş şəklini dərc edib. Keçmiş UFC çempionu isə İnstaqramda Gürcüstam milli komandası haqda xoş sözlər yazıb, onlara azarkeşlik etdiyini gizlətməyib.
Saakaşvilinin Vahid Milli Hərəkatının baş katibinin müavini İrakli Pavlenişvili Kölndə Gürcüstanın baş naziri İrakli Kobaxidze və Tiflis meri Kaxa Kaladzenin Həbib Nurməhəmmədovla görüşünü “Gürcüstan hakimiyyətinin Rusiya ilə əlaqələrinin təsdiqi” adlandırıb. Pavlenişvilinin sözlərinə görə, “Rusiya idmançısı ilə belə görüş Gürcüstanı beynəlxalq arenada rüsvay edir”. “Ölkəyə rusiyayönlü partiya, əsl banda rəhbərlik edir”, - deyən müxalifətçi oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək seçkilərdə seçiciləri bu görüşü də unutmamağa çağırıb.
Öz növbəsində hakim “Gürcü Arzusu”ndan parlamentin birinci vitse-spikeri Georgi Volski deyib ki, Nurməhəmmədov dünyada tanınmış idmançıdır, onunla çoxlarının fotoları var.
Əvvəllər Həbib Nurməhəmmədov ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşündən sonra Rusiyada tənqid edilib və dağıstanlı idmançının Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlığına malik olması barədə məlumat yayılıb.
Bu gün “Mash” teleqram kanalı Nurməhəmmədovun vergi xidmətinə 297 milyon rubl (təxminən üç yarım milyon dollar) borcuna görə hesablarına həbs qoyulduğunu elan edib. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.
Görüşlə bağlı olmasa da, Nurməhəmmədovun Gürcüstan milli komandasına azarkeşlik etməsi və məğlub olsa da, onlar haqda xoş sözlər yazması Rusiyanın sosial şəbəkələrində birmənalı qarşılanmayıb. “Əgər Gürcüstan rəsmi olaraq Ukraynanı dəstəkləyirsə, onda Həbib Nurməhəmmədov niyə Almaniyada Gürcüstan millisinə azarkeşlik edir” deyə, etiraz bildirənlər olub.
Yada salaq ki, 2018-ci ilin aprelində yüngül çəkidə UFC çempionu olan Həbibin 29 qələbəsi olub, heç bir məğlubiyyəti olmayıb. Onun Konor Makqreqorla 2018-ci ildə baş tutan döyüşü MMA tarixində ən çox gəlir gətirən döyüş olub. O, son döyüşünü 2020-ci ilin oktyabrında Justin Gaetə qarşı keçirib və bundan sonra böyük rinqdən uzaqlaşıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ