Onlayn ictimai-siyasi qəzet
Musavat.com bildirir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya vətəndaşı olan turistin cəsədinin çayda tapıldığını açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb və hadisənin dəhşətli təfərrüatları məlum olub.
Bildirilir ki, naməlum şəxslər silahlı bir cütlüyə hücum edib və kişini oğurlayıblar. Qadının sözlərinə görə, cinayətkarlar avtomobillə yolu kəsərək onlardan nasos istəyiblər. Bu zaman cinayətkarlardan biri rusiyalı turist 1986-cı il təvəllüdlü Viktor adlı şəxsi öz avtomobilinə mindirərək qaçırıb.
Digər cinayətkar isə qadının olduğu avtomobilə oturaraq onu naməlum istiqamətə aparıb.
Bir müddət sonra cinayətkarlar qadını tərk edilmiş avtomobildə tək qoyaraq qaçıblar. Rusiyalı turistin olduğu avtomobil isə yoxa çıxıb. Qısa müddət sonra turistin cəsədi çayda aşkar edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər artıq saxlanılıb. Onlara qarşı 16 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası tələb olunur.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ