Onlayn ictimai-siyasi qəzet
Müxalifət ola bilsin, fərqin bu qədər ciddi olacağını düşünmürdülər, indi işləri bir az da çətindir, çünki saxtakarlığı sübut etmək üçün meydanlara tərəfdarlarını çıxarmalıdırlar-özü də onlara səs verənləri deyil, onlara səs verib, amma səsləri oğurlananları da...
Gürcüstanda bütün dünyada maraqla izlənən seçkilərin yəqinləşmiş nəticələrinə görə “Gürcü Arzusu” parlamentdəki 150 yerdən 90-nına sahib olub. Seçkilərin nəticələri “Gürcü Arzusu” üçün triumf deyil, çünki onlar arzuladıqları konstitusiya çoxluğunu(ən azı 113 mandat) əldə etməyiblər. Bülletenlərin 97%-nin sayılmasından sonra nəticələr belədir:
- “Gürcü Arzusu” – 52,99%;
-Dəyişiklik üçün Koalisiya - 11,2%;
- “Birlik – Milli Hərəkat” (müxalif koalisiya) – 9,83%;
”Güclü Gürcüstan” (koalisiya) - 9,02%;
Gürcüstan üçün Qaxariya – 8,22%.
Seçkiyə qatılan digər partiyalar 5%-lik baryeri keçə bilməyiblər.
Əsas diqqəti cəlb edən səs faizləri arasında ciddi fərqdir. Müxalif koalisiyalar hətta üst-üstə aldığı səsləri bir yerə toplasalar belə, 60 mandatdan artığına ümid edı bilmirlər. Demək, müxalifət hakim partiyaya yeni hökumət qurmasına təsir edə bilməyəcək.
“Gürcü Arzusu”seçkilərdə qalib gəldiyini dərhal atəşfəşanlıqla bayram etməsi əslində, tələskənlik deyil, taktiki olaraq doğru qərardır, qarşıdurma yaratmaq istəyən qüvvələrə açıq mesajdır. Bu atəşfəşanlıq onun bəyanıdır ki, Gürcüstanda qanuni hökumət xalqdan daha 4 il dəstək alıb, bu nəticəyə sevinir və ən əsası, bu nəticələrə şübhələrin, ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısını qanuni yollarla almağa, ölkənin maraqlarını qorumağa hazırdır.
Hələ ki, gələn xəbərlər Gürcüstanda “inqilab iyi” gəlmədiyini deyir. Amma gözlənildiyi kimi, Saakaşvilinin liderlərindən biri olduğu “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası”(bu koalisyanı da Gürcüstan prezidenti dəstəkləyir) rəsmi nəticələri tanımaqdan imtina ediblər ki, bu da gözlənilən idi. Hakim “Gürcü Arzusu” liderləri dəfələrlə bildiriblər ki, müxalifət faktiki olaraq seçki kampaniyası aparmır, çünki seçkinin nəticələrinə etimadsızlıq elan etməyi və küçə etirazlarına hazırlaşır. “Parlament seçkiləri gürcü xalqının qələbəsi idi və gürcü xalqının qələbəsi olaraq qalır. Avropayönlü və Qərbyönlü müxalifətin böyük səslə qalib gəldiyini beynəlxalq təşkilatların keçirdiyi “exit-poll” da göstərdi” deyə, Milli Hərəkatın sədri Tina Bokuçava bildirib. Bəllidir ki, bütün seçki komissiyalarında müxalifətin də təmsilçiləri var, o halda, əgər kütləvi saxtakarlıq olubsa, onu sübut etmək üçün çox əziyyət çəkməycəklər. Hələ ki, bu “seçkinin oğurlandığı” haqda sübutlar ortada yoxdur. Müxalifət ola bilsin, fərqin bu qədər ciddi olacağını düşünmürdülər. İndi işləri bir az da çətindir, çünki saxtakarlığı sübut etmək üçün meydanlara tərəfdarlarını çıxarmalıdırlar. Özü də onlara səs verənləri deyil, onlara səs verib, amma səsləri oğurlananları da...
Gürcüstan seçkilərində fəallığın gözlənilədən aşağı olması doğrusu, bir qədər təəccübləndirdi. Çünki həm hakim partiya, həm müxalifət, eləcə də Qərb dairələri bu seçkiləri Gürcüstanın, hətta Cənubi Qafqazın gələcək taleyinin həlli kimi baxırdılar. Qərb və müxalifət daha da konkretləşdirərək seçkiləri “Rusiyanın adamları” ilə “Avropaya inteqrasiya tərəfdarlarının” ölüm-qalım mübarizısi kimi təqdim edirdilər. O səbəbdən əslində, seçkilərdə 70--75 faizlik qatılım gözlənilən idi. Gürcüstandas 3 milyon 495 min 789 seçicinin səsvermə hüququ var idi. MSK-nın sənədlərinə görə seçkilərdə 2 milyon 60 min 412 seçici səs verib ki, onlardan 961 min 751 nəfəri qadın, 1 milyon 98 min 661 nəfəri kişidir.
Ən fəal dağlıq bölgə Kvemo Svaneti olub, burada 29 103 seçicinin 67,93%-i səsvermədə iştirak edib.Ən aşağı fəallıq Kvemo Kartli bölgəsində qeydə alınıb.
İndiki mənzərə həm də bəzi nəticələrə gəlmək üçün əsas verir. Birincisi, görünür ki, seçkiyə gələnlər ““Gürcü Arzusu” qələbı qazansa, Gürcüstan əldə gedəcək” kimi iddialara müxalifətdən daha soyuqqanlı yanaşıb. Seçkilərin heç də “dünyanın sonu”olmadığını düşünərək hətta səsvermə məntəqələrinə o qədər də həvəslə getməyiblər. İkinci o ehtimaldır ki, bu seçkilərdə “Gürcü Arzusu”nun yenə qalib gələcəyinə, yəni ölkədə hakimiyyət dəyişikliyinə ümid etməyənlər də olub. Daha bir ehtimal isə bu ola bilər ki, seçkilərdə öz mövqeyini sonadək müəyyənləşdirə bilməyənlər səsverməyə qatılmayıblar. Bu, indiki Gürcüstanda təəccüblü deyil. Onları “amorf seçicilər” deyil, həm müxalifətə, həm iqtidara inanmayanlar da adlandıra bilərik.
Seçkilər bitdi, qalib və məğlub bilindi. Qalib tərəf bu gecə bayram edir, məğlubların nə planlaşdırdıqlarını sabah və ondan sonrakı günlər biləcəyik...
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ