İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcüstanda bəzi donorlar gizli və üçüncü ölkələrdən maliyyələşmə sxeminə keçəcək”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Gürcüstandakı son vəziyyəti şərh edib.

Musavat.com xəbər verir ki, Sahib Məmmədov Gürcüstanda xarici təsirlərin şəffaflığının təmin olunub-olunmayacağının sual altında olduğuna diqqət çəkib:

“Gürcüstan gərgin ictimai-siyasi şəraitdə “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdi. Prezidentin vetosu da dəf edilib. Qalan məsələlər texniki məsələlərdir. Amma... İş bununla bitdimi? Gürcüstanda xarici təsirlərin şəffaflığı təmin olunacaqmı? Yəni donor vəsaitləri nə üçün alınıb, məqsəd nədir, hara xərclənəcək, kimlər alıb və s. Fikirləşirəm ki, tam nəzarət mümkün olmayacaq. Çünki 90-cı illərdən Gürcüstanda xarici donorların fəaliyyətinə heç bir ciddi maneə olmayıb. Onlar da kifayət qədər oturuşublar”.

S.Məmmədovun fikrincə, Ermənistanla Azərbaycan arasındakı münaqişə də Gürcüstanı region üçün bir növ “İsveçrə”yə çevirmişdi:

“Bütün regional ofislər Gürcüstanda yerləşir və tədbirlər də Gürcüstanda təşkil olunur, həm də Gürcüstan 2013-cü ildən Azərbaycana qrantların ötürülməsi üçün 3-cü ölkə funksiyasını yerinə yetirir, o zaman məsələnin bir qədər qəliz olduğunu müşahidə edəcəyik. Əvvəla, bu dövr ərzində Gürcüstandakı xarici ölkələrin “yumşaq təsir” donorları öz işini yaxşı görüb. Həm qanunvericilik sistemini istədikləri şəkildə dəyişiblər, həm də hakimiyyət daxilində onların maraqlarını müdafiə edənlər çoxdur (ən parlaq misal elə ölkə prezidentidir). İkincisi, qanun ciddi şəkildə tətbiq olunsa, bəzi donorlar gizli və üçüncü ölkələrdən maliyyələşmə sxeminə keçəcək”.

Sahib Məmmədov qeyd edib ki, ölkələrdə siyasətə təsir üçün “yumşaq təsir” donorları daha yaxşı imkana malikdir:

““Sərt təsir” donorlarının işi isə ölkələri ciddi qarşıdurmalara hazırlamaqdır. Bir sözlə, baxaq görək proseslər hara gedəcək. Nəzərə alaq ki, Gürcüstan üçün bəzi məsələlərdə geriyə dönüş Qırğızıstana baxanda daha çətin olacaq”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR