İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Tiflisdə sülh masası qura bilmir - səbəblər

Qonşu ölkədə danışıqların təşkil olunması imkanları ilə bağlı Azərbaycan ən yüksək səviyyədə mövqe ortaya qoyub, amma Ermənistan...

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün öz platformasını təklif edir. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada başa çatan diplomatik forumda deyib. Nazir müavini qeyd edib ki, Tiflis üçün regionda sülh vacibdir və gürcü tərəfi İrəvan və Bakının razılığa gələcəyinə və bundan hər iki tərəfin faydalanacağına ümid edir. 

Xatırladaq ki, Azərbaycan prezidenti Gürcüstanda olarkən, onların o zamankı baş naziri ilə görüşən zaman sülh danışıqlarının Gürcüstanda təşkil olunmasını təklif etmişdi. Ekspertlərə görə, Ermənistan bu təklifə reaksiya verməyib, çünki İrəvan müstəqil qərar qəbul edə bilmirlər. Bakı da əslində xüsusi maraq göstərmir. Niyə?

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov dövlət başçısının bu yöndə etdiyi son çıxışlardan sitatlar gətirdi: “Prezident İlham Əliyev bu ilin fevral ayının 14-də andiçmə mərasimində yeni dövrün yol xəritəsini, o cümlədən yeni xarici siyasət kursumuzun konturlarını bəyan etdi. Dövlət başçımız parlament tribunasında Azərbaycan-Ermənistan münasibətlərinə məqsədli formada ən sonda yer ayırdı və açıq formada bildirdi ki, artıq Ermənistan-Azərbaycan münasibətlərinin əhəmiyyətini süni şəkildə şişirtməyə ehtiyac yoxdur. Əlbəttə, Ermənistan bizim qonşumuzdur, istənilən halda xarici siyasətimizin müəyyən istiqamətlərində bu amil nəzərə alınır, amma Azərbaycanın qələbəsi ilə elə hərbi-siyasi konfiqurasiya formalaşıb ki, bütövlükdə Ermənistan bizim xarici siyasətimizin vacib hissəsi deyil. Bəli, biz sülh arzulayırıq, cənab İlham Əliyevin də bəyan etdiyi kimi, sülh istəməsəydik, 5 prinsipdən ibarət şərtləri də irəli sürüb proses başlatmazdıq. Lakin Ermənistan unutmamalıdır ki, bu sülh daha çox İrəvana lazımdır. Çünki biz sülh yolu ilə əldə edəcəyimiz situasiyaya nail olmuşuq. Daha ciddi hədəflərimiz və ötən dövrdən fərqli prioritetlərimiz var və Ermənistanla münasibətlərə xüsusi resurslar xərcləmək artıq Azərbaycanın maraqlarına cavab vermir. Əgər İrəvan iradə göstərsə, sülh prosesinə hazır olarsa, o zaman yaxın qonşu kimi İrəvana münasibətdə xarici siyasət kursumuza təkrar baxa bilərik.

O ki qaldı Gürcüstanın vasitəçiliyi məsələsinə, dövlət başçısı da son görüşlərində açıq formada bəyan etdi ki, Bakı-İrəvan münasibətləri beynəlxalq gündəliyin deyil, bu, ikitərəfli məsələdir. Proseslərin gedişi də göstərir ki, cənab İlham Əliyev faktiki olaraq bu məsələni beynəlxalq gündəlikdən çıxara bilib. Belə olan halda, yenidən vasitəçilik barədə düşünmək, buna resurs və enerji xərcləmək indiki situasiyada maraqlarımıza cavab vermir. Azərbaycan və Ermənistan arasında birbaşa təmas təcrübəsi var və bu baxımdan daha çox ikitərəfli formata köklənmək effektiv olar".

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov problemin Cənubi Qafqazda həll edilməsinə tərəfdardır: “Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün öz platformasını təklif etməsi normal haldır. Bir tərəfdən rəsmi Tiflis bununla Cənubi Qafqaz regionunda sülhün tərəfdarı olduğunu nümayiş etdirmiş olur, digər tərəfdən isə vasitəçi və ya ev sahibi qismində belə görüşlərin təşkili ilə beynəlxalq diqqəti özünə cəlb etmək imkanı əldə edir. 

Azərbaycan olaraq biz də Cənubi Qafqaz ölkələri arasında problemlərin elə Cənubi Qafqazda həll olunmasının tərəfdarıyıq. Əgər rəsmi İrəvan ikitərəfli, birbaşa danışıqlardan çəkinirsə, bu danışıqlarda özünü rahat hiss etmirsə, İrəvana mütləq şəkildə masada üçüncü tərəfin də oturması lazımdırsa, o zaman Tiflis ən uyğun məkan olaraq görünür. Onu da qeyd edim ki, Tiflis artıq əsirlərin dəyişilməsi prosesində bir dəfə vasitəçi qismində iştirak da edib. 

Sülh danışıqlarının Gürcüstanda təşkil olunması imkanları ilə bağlı Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə mövqe ortaya qoyub, amma Ermənistan bununla bağlı müsbət qərar qəbul edə bilmir. Bunun da səbəbləri var. Birinci səbəb, Ermənistanın öz qərarlarında müstəqil olmaması ilə bağlıdır. Sülh danışıqlarını öz monopoliyasına almaq istəyən Fransa, ABŞ kimi ölkələr və Avropa İttifaqı kimi qurumlar öz nəzarətlərində olmayan danışıqlardan çəkindikləri üçün Paşinyana hər hansı digər platformalarda danışıqlar aparmaması ilə bağlı təzyiq edirlər. Çünki bu güclər üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması deyil, öz maraqlarını təmin etmək vacibdir. İki ölkə arasında gərgin münasibətlərin qalmasına öz maraqlarını təmin etmək imkanı kimi baxan və Ermənistandan alət kimi istifadə edən bu qüvvələr məhz bu baxımdan Paşinyana hər hansı digər platformada danışıqlar aparmaqla bağlı faktiki olaraq qadağa qoyublar. Paşinyan isə Ermənistanın maraqlarından deyil, ayrı-ayrı dövlətlərin maraqlarından çıxış edərək bu təzyiqlərə boyun əyir. 

İkinci səbəb Gürcüstanın özünün separatçı rejimlərlə olan problemidir. Gürcüstan da Azərbaycan kimi uzun illər ərzində separatizmdən əziyyət çəkən ölkə olub və hələ də əziyyət çəkməkdə davam edir. Bu baxımdan rəsmi Tiflis Azərbaycanın problemlərini daha yaxşı başa düşdüyü bir reallıqdır. Yəni başqa sözlə desək, Gürcüstan hər nə qədər neytral vasitəçi olsa da, həm Ermənistan, həm də Azərbaycanla yaxşı ikitərəfli əlaqələrə malik olsa da, danışıqlar masasında məhz Azərbaycanın mövqeyini müdafiə etmək ehtimalı böyükdür. Hər halda, Ermənistan bu şəkildə düşünür və bununla bağlı ayrı-ayrı erməni ekspertlərin müxtəlif dövrlərdə açıqlamaları da olub. 

Amma ümumiyyətlə götürsək bizim üçün hər hansı platformada danışıqların aparılması elə bir problem yaratmır. Biz istər Rusiyanın, istər ABŞ-ın, istərsə də Almaniyanın timsalında Avropa İttifaqının vasitəçiliyi və ya ev sahibliyi ilə danışıqlara hər zaman hazırıq."

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR