Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gələcək.
Bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.
Musavat.com-un xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan prezidentinin ilk xarici səfərinin məhz Azərbaycana edilməsi iki qonşu, dost ölkə arasında münasibətlərin göstəricisidir:
“Bakıya iki günlük səfəri iki ölkə arasında dostluq münasibətlərinin, strateji əlaqələrin inkişafına daha da təkan verəcək. Şübhəsiz ki, tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər. Səfər çərçivəsində görüşlərdə regionun sabit və dinc inkişafının vacibliyi məsələləri, dünyada davam edən münaqişələr, tarif müharibələri, geosiyasi gərginliklər fonunda regionda sabitliyin və sülhün qorunması kimi vacib xarakterli məsələlərin müzakirə ediləcəyi gözləniləndir.
Azərbaycanla Gürcüstan arasında nümunəvi strateji əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da dinamik olmasına hər iki tərəf hazır görünür. Ümumiyyətlə, iki dövlətin mehriban qonşuluq münasibətləri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstanla əlaqələr Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlığın yüksək səviyyədə olmasının sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik.
Gürcüstan baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir. Azərbaycanla Gürcüstanın iştirak etdiyi bütün böyük əhəmiyyətli layihələr nəinki bu iki ölkənin inkişafında xüsusi əhəmiyyət daşıyıb, Avropanın enerji təhlükəsizliyində, bir sıra digər ölkələrin enerji təminatında mühüm rol oynayıb və bu gün rol oyamaqadadır”.
Politoloq deyib ki, bu təcrübə ortada olduğu bir vaxtda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması barədə iddiaları təəccüb doğurur:
“Çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Azərbaycan avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaradıb: Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı. Təəssüf ki, sadaladığımız böyük nəqliyyat-tranzit imkanları haqqında danışılmır, yalnız sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya heç bir aidiyyəti yoxdur.
Aİ Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmalıdır. Ermənistanla sərhədlərin açılması İrəvanın özünün atacağı addımlardan asılıdır.
Eyni zamanda Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir.
Azərbaycan Avropa Komissiyası və Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyir, ancaq Azərbaycanın və Gürcüstanın maraqlarının qurban verilməsi hesabına yox. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər”.
Etibar Seyidağa,
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ