İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanlı jurnalist: "İran Zəngəzuru özünə namus məsələsi edib"

Güney Azərbaycanlı jurnalist: "Qarabağ məsələsində İranın varlığına ehtiyac yoxdur"

Son zamanlar Qarabağda yaşanan gərginliklərdə İranın da sərt mövqeyi açıq-aşkar ortadadır. İran “sərhədlərin dəyişdirilməsini qəbul etmirik” deyəndə, daha çox Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə etmiş oldu. Bir yandan daxilində baş verən üsyanlarla yanaşı xarici siyasətdə də gücünü nümayiş etdirməyə çalışan İran haqlı olaraq türk dövlətlərinin də qıcığına səbəb olub. Güney Azərbaycanlı jurnalist və siyasi ekspert Taha Kermani Musavat.com-a açıqlamasında İranın Zəngəzur məsələsini az qala öz namus məsələsi hesab etməsini əsassız hesab edib. Jurnalist həmçinin İranın xarici siyasətinin bərbad vəziyyətdə olduğunu da bildirib.

"Xarici siyasətlə bağlı İranın örnək alına biləcək nümunəsi yoxdur. Bir çox siyasi məqamlarda İranın bir ölkə kimi fikrini önəmsəyən yoxdur. Qarabağ məsələsində tərəflərin hər ikisinin qonşusu olsa da, İran müzakirə masasında yoxdur. Bu səbədən də doğan bir qəzəb var, çünki İran əhəmiyyətli dərəcədə rolunu itirib. Verdiyi reaksiya və davranışlarla da öz aləmində öz rolunu xatırlatmağa, "Mən də varam" deməyə çalışır. Reallıq onu göstərir ki, müzakirə masasında İranın varlığına ehtiyac yoxdur. İran olmadan da Qarabağ məsələsi həll edilir. İran özünü vazkeçilməz göstərmək üçün Zəngəzur məsələsini az qalıb namus məsələsi etsin. Etirazlar edir, amma bunlar sözdə olacaq, çünki hərbi müdaxiləsi mümkün deyil. Daxili siyasətini bərqarar edə bilməyən İran, xarici bir müharibəyə hazır deyil. Burda Güney Azərbaycan faktoru da çox önəmlidir. Hər nə qədər rəsmiyyətdə tanınmasa da, bölgənin dəyişməz bir gerçəyi var ki, milyonlarla insanlardan söhbət gedir. Həmin milyonlar Qarabağ məsələsində hansısa dəyişiklik olarsa, haqlı olaraq İrana sərt reaksiya vermiş olacaq. Güney Azərbaycan İranın fəaliyyət çərçivəsini daraldır və bu həqiqəti danmaq olmaz. O səbəbdən də İran atdığı addımda Güney Azərbaycan faktorunu düşünmək məcburiyyətindədir".

Son zamanlar İranda yaşanan etirazlar barədə də danışan jurnalist-ekspert Taha Kermani vəziyyəti belə təhlil edir:

"Son bir əsrdə baş verən hadisələri gözdən keçirsək, xalqın bitməyən kütləvi etirazlarına şahid oluruq. Xüsusilə də son 40 ildə İran İslam Respublikası rejimi davamlı xalq etirazları ilə dolub-daşır, istər iqtisadi səbəb, istər azadlıq, istər etnik azlıqlar, qadın haqqları və s. Səbəblər olduqca çoxdur. Fərqli səbəblərlə meydana gələn etirazlarla rejim necə baş edəcəyini, xalqı necə susturacağını, insanları necə yönləndirəcəyini demək olar ki, öyrənib. Amma bəzi etirazlar var ki, insanları küçələrdə, xiyabanlarda döymək, qorxutmaq kifayət etmir. Narazılıqları ortadan qaldırmaq üçün hökümət də, rejim də ortaya sağlam bir icraat qoymalıdır. Rejimdə bu etirazların qarşısını almaq üçün sağlam bir addım atmayınca ortaya çıxan mənzərə bu olur. Hazırda İranda baş verənlər siyasi aktivlik deyil, üsyandır. Səbəbli-səbəbsiz üsyanlar olur, çünki xalq artıq bezib. İtirəcək heç nəyi olmayan xalq canının alınmasını, ölməsini gözə alıb küçələrə çıxır. Məhsa Əminin öldürülməsindən sonra etirazlar təkcə hicab, baş örtü səbəbi ilə deyil, millət artıq fərdi azadlıq uğrunda ölməyi gözə alır. Məhsa Əmininin ölümü ilə başlayan bu cür etirazlar bir ümid yeridir. Məqsəd daha dərin dəyişikliklərə nail olmaqdır. Deyə bilərəm ki, gediləcək hələ çox yol var. Amma dəyişiklik mütləq mümkündür. Sadəcə İranda başqa ölkələrdə olduğu kimi etirazlar tez nəticə vermir. Çünki xalqın istəyi hicab azadlığı, geyim azadlığı rejimin birbaşa ideoloji dəyərləri ilə əlaqədardır. İran hicab məcburiyyəti ilə bağlı geri addım atarsa, son 40-50 ildə müdafiə etdiyi bir tezisin əksinə əməl etmiş olur. Bu səbəbdən də inad etmələri, geri addım atmamaları normaldır və bunu etməyəcəklər. Qısaca İrandan hicab və geyim azadlığı gözləmək mümkünsüzdür. Sadəcə davamlı hal alarsa bəlli bir nəticə mümkündür".

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR