İnsanlara hürriyət, millətlərə istiqlal!

Günə 5 edam – İranda qaldırıcı kranlar həm də boğazına ip keçirilmiş məhkumları qaldırır

İnsan haqları uğrunda və ölüm cəzasına qarşı mübarizə aparan iki təşkilatın birgə hazırladığı illik hesabata görə, keçən il İranda icra olunan edamların sayı onilliklər boyu davam edən kədərli rekordu qırıb.

Qeyd olunur ki, edamların sayının artması islahatçı prezident Məsud Pezeşkianın dövründə baş verib. Ekspertlər belə bir zəruri izahat da veriblər ki, prezidentin təhlükəsizliklə bağlı məsələlərə təsiri məhduddur. Ölkənin əsl lideri, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ruhanilər kontingentinə arxalanan dini lider Əli Xamneyidir və o, hesab edir ki, cinayətin artması, xarici təhlükə və əhalinin böyük təbəqələri arasında hakimiyyətdən narazılıq səbəbindən daha sərt cəzalar haqlıdır.

2024-cü ildə islam respublikasında 975 nəfər edam edilib - bu, 2023-cü illə müqayisədə 17% çoxdur. Axırıncı dəfə ən çox edam icrası 2015-ci ildə olub, ötənilki göstərici o rekordu da aşıb.

Bildirilir ki, son illərdə edam edilən qadınların sayı da artır. 2022-ci ilin payız aylarında baş verən etirazlarla bağlı işlər üzrə də edamlar davam edir.

Parisdə yerləşən “Ölüm cəzasına qarşı birləşmiş hərəkat”la Norveçdə yerləşən “İran insan haqları” təşkilatı 2008-ci ildən bu məsələyə nəzarət edir. Onlar bildirirlər ki, İranda edam hökmlərinin sayı ilə bağlı rəsmi statistika dərc edilmir, lakin əsasən yerli səviyyədə edamlarla bağlı rəsmi hesabatlar mövcuddur. Hüquq müdafiəçiləri bu məlumatlara və edam edilənlərin qohumlarından aldıqları bilgilərə istinad edirlər.

krned-2.jpg (73 KB)

Hesabata görə, İranda 503 ölüm hökmü (52%) narkotik vasitələrin qanunsuz dövriyyəsinə, 419-u (43%) qəsdən adam öldürməyə, 31-i (3%) dövlət təhlükəsizliyi məsələləri və siyasi cinayətlərə, 22-si (2%) zorlama cinayətlərinə görə çıxarılıb. Ekspertlər iddia edirlər ki, edamlar ölkə rəhbərliyinin əsas silahıdır və hakimiyyəti saxlamaq üçündür. İslahatçı Pezeşkian 2024-cü ilin iyulunda prezident seçilsə də, o, bu dəhşətli statistikaya təsir göstərə bilmir, hətta onun hakimiyyətinin beş ayı ərzində hesabatda qeydə alınan 975 nəfərdən 653-ü edam edilib.

Ən pisi odur ki, Pezeşkianın dövründə də İranda açıq edamlar tətbiq edilir və minlərlə insan edam səhnəsəinə tamaşa edir. Bu zaman məhkumların qohumları da məcburi qaydada “edam şou”suna gətirilir. İllərdir ki, məhkumları inşaat kranlarından asırlar və bu daha praktik üsul sayılır. Köhnə vaxtlarda olduğu kimi daha hansısa meydanda dar ağacı qurulmur. Müasir texniki vasitələr cəlladların işini xeyli asanlaşdırıb.

Tədqiqatçılar edamların, demək olar ki, yarısının ötən ilin son üç ayında baş verdiyinə diqqət çəkir, bunu xarici siyasət komponenti ilə əlaqələndirirlər: guya məhkəmə qərarlarına İran və İsrail arasında artan müharibə təhlükəsi təsir edə bilər. Son üç ayda hər gün gün orta hesabla beş ölüm hökmü icra edilib.

mehsa.jpg (73 KB)

2022-cü ildə 22 yaşlı Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra ən azı iki etirazçı müvafiq olaraq bir polis zabitini və bir SEPAH əsgərini öldürməkdə ittiham edilərək edam edilib. Hüquq müdafiəçiləri hesab edirlər ki, onlardan biri işgəncənin təsiri altında özünə qarşı ifadə verib.

Bu il (1 ay 20 gündə) artıq İranda 125 nəfər edam edilib. Bu templə 2024-cü ilin rekordu da qırılacaq. Ekspertlər bildirirlər ki, adambaşına düşən edamların sayına görə İran dünyada inamla birinci, ölüm hökmlərinin mütləq sayına görə yalnız Çindən sonra ikinci yerdədir.

Məlumata görə, edam edilən etnik azlıqların, xüsusən də bəlucların sayı çoxdur. Onlar əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərdə edam edilir. Bəluclar Pakistan və Əfqanıstan sərhədində, narkotik ticarəti marşrutunun yaxınlığında yaşayırlar. 2024-cü ildə edam edilənlər arasında onlarla əfqan da var.

Ancaq maraqlıdır ki, İrandan Azərbaycana, demək olar ki, hər gün narkotik maddə keçirən və keçirmək istəyən onlarla narkotacirin heç biri nə yaxalanmır, nə də edam edilmir. Bu, necə olur, maraqlıdır. Belə anlaşılır ki, İrana narkotik keçirənlər üçün cəza ağırdır, amma İrandan başqa ölkələrə narkotik daşımaq üçün cəza yoxdur.

Ölkə prezidentinin belə məsələlərə qarışmaq ixtiyarından danışan xarici ekspertlər qeyd edirlər ki, prezident Pezeşkianın səlahiyyətləri prezident respublikalarındakı baş nazirlərin səlahiyyətləri ilə müqayisə oluna bilər. Yəni onun əlinin üstündə əl var, İslam İnqilabı Keşikçiləri Korpusu və məhkəmələr prezidentə yox, ali dini rəhbərə tabedirlər. Edam cəzalarını da onlar kəsir və icra edirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR