İnsanlara hürriyət, millətlərə istiqlal!

“Güc strukturlarında işləyən xeyli sayda şərəfli qadınlar var” - hüquq müdafiəçisi

 

 

 

 

Artıq bir neçə gündür ki, ölkə gündəmində ən çox müzakirə edilən məsələlərdən biri FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlıdır. Yayılan kadrlarda yüksək vəzifəli məmurun kabinetində çəkilən videoda polkovnik idarənin qadın əməkdaşları ilə sevişir. Qeyd edək ki, internet resuslarında eyni zamanda müxtəlif saytlarda demək olar ki, eyni süjetlər yayılıb.

 

Tabeliyində olan əməkdaşlarla əlaqədə olan və bu intim münasibətləri gizli kamera ilə görüntüyə alan  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev artıq həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata bildirilir ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquqi və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Məlum videogörüntülərə görə cəmiyyətdə daha çox həmin görüntülərdə yer alan qadınlar tənqid olundu. Qadın hüquqlarının müdafiəçiləri isə bu cür olayların məhz qadınların gözdən salınması, cəmiyyətdə onlara qarşı total mənfi fikrin formalaşdırılması, bacarığı, biliyi ilə cəmiyyətə xeyr verə biləcək qadınların qarşısına böyük sədd çəkmək məqsədilə həyata keçirildiyini iddia edirlər.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, cəmiyyətdə belə hadisələrin olduğunu hamı bilir, amma hamı da susur. Əksər vaxtlarda da qadınlar buna müqavimət göstərmir. İlkin mərhələdə bunu gizlədir, məcburi könüllü razılıq verir. Məcburi könüllülük ifadəsi insan alveri ilə bağlı məsələdə işlədilir. Belə ki, hansısa məqamda məcburi könüllülük ortaya çıxır və sonra da bu normaya çevrilir, ətrafda hamı hesab edir ki, bu normadır. Bu cür hallarda şəxslər qaynar xəttə zəng edib, şikayətini bildirməlidir. Bu elə bir cinayətdir ki, mütləq hansısa sübut, fakt olmalıdır, yoxsa ki, onu məhkəmədə sübut etmək çətin olur. Beləliklə, burada problem qadınların öz hüquqları ilə dərhal reaksiya verməməsidir.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” -  05.08.2017, Sputnik Azərbaycan

Mehriban Zeynalova: "Qadın iş yerində hansısa formada təqib və təzyiq, "məcburi könüllülük"lə üzləşirsə, mütləq qaynar xəttə zəng etməlidir"

Bilmirəm həmin hadisələrdə könüllülük neçə faizdir, ola bilsin ki, içlərində bəziləri bəlkə də tamamilə könül xoşluğu ilə razı olub. Ancaq 16 nəfərin hamısının könüllü qoşulması inandırıcı deyil və məntiqlə ortada başqa mətləblər var. Yəni mümkün deyil ki, hamısı eyni zamanda könüllü bu məsələyə razılıq verib. Ya burada kişi manipulyator olub, ya da doğrudan da qadınları inandıra bilib, bununla bağlı onun təsir vasitələri olub. 

Bəzən qadınlar iş yerini itirməmək üçün və yaxud maaşı yaxşı olduğu üçün bu cür məsələlərdə susur. Lakin biz qadınları inandırmalıyıq ki, bu cür mərhələləri keçmədən də uğur qazanmaq olur. Ayaq üstə durmaq, işdə uğur qazanmaq üçün yetərincə çalışmalı,  öz hüquqlarını bilməli, hüququnu pozan şəxslə mübarizə aparmalı, öz yolunda davam etməlisən.

Əvvəllər bir neçə sayda bu cür hadisə ilə üzləşmiş qadınlar bizim təşkilata müraciət edib. Amma qeyd edim ki, bu mövzu tabudur və heç kim bu məsələni müzakirə etmir, çünki əksər hallarda, hətta qadın ilkin mərhələdə müraciət edəndə belə o qadının özü qınanılır ki, “sən hansısa davranışınla bu məsələyə imkan yaratmısan”.

Azərbaycanda güc strukturlarında işləyən xeyli sayda şərəfli qadınlar var. Başa düşürəm ki, bu çox çətindir, lakin bu yol var və onu getmək lazımdır.  Kim iş yerində hansısa formada təqib və yaxud təzyiqlə, ayrı-seçkiliklə üzləşirsə, mütləq qaynar xəttə zəng etməli, bu barədə məlumat verməlidir. Güc strukturları da onların da anonimliyini qorumalıdır.

Daha bir məsələ, mən inanmıram ki, həmin iş yerində bu məsələ ilə bağlı kimlərsə xəbərdar olmasın. Onlar da bu məsələdə susqunluq nümayiş etdirərək, prosesdə iştirakçıya çevriliblər.

Təbii ki, bu cür hadisələr ortaya çıxanda zərbə digər qadınlara da dəyir. Məsələn, hansısa məktəbdə neqativ hal, hadisə baş verəndə hamımız narahat oluruq ki, məsələ digər şagirdlərə də təsir edəcək, onlar da dərsdən yayınacaq, hansı ki, belə də  olur.

Güc strukturlarında qadınların iştirakı çətin proses olub və biz artıq bu prosesi keçmişik. Amma baş verən bu cür hadisələr artıq bu prosesi bir qədər ləngidəcək və keçdiyimiz yolu geri dönüb, bir daha qabağa getməyə çalışacağıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR