Onlayn ictimai-siyasi qəzet
“Verən əli kəsməzlər”
(Azərbaycan ata sözü)
Son çağlar Dövlət Gömrük Komitəsi yenə diqqət mərkəzindədir. Zarafat deyil, iyirmi gün ərzində idarənin işçilərinə qarşı azı 3 cinayət işi açılmışdır. Özü də balaca adamlara qarşı açılmır, hərəsi bir şöbə müdiri, hansısa istiqamətin, yol-yolağının rəisləridir. Biri rüşvət alıb dərmanları keçirib, başqası köhnə maşınları təzə adıyla sənədləşdirib, üçüncüsü ayrı qələt edib...
Biz bunu, əlbəttə, alqışlayırıq və korrupsiya ilə mübarizə tədbirləri kimi baxırıq. Ancaq belə getsə, gömrükdə işləməyə adam tapılmayacaq. İstərdim orqanlar bu amili də nəzərə alsın. Rüşvət ala bilməyəndən sonra gömrükdə işləməyin mənası nədir? Gömrüyün rəhmətlik (orada rəhməti bəri başdan tutub alırlar) sədri Tahir Əliyevlə bağlı əski, saqqallı-bığlı bir lətifə var, deyəsən, azı 2 dəfə yazmışam, ziyanı yoxdur, yenə yazıram. Tahir müəllimi gömrüyə sədr qoyurlar, idarə ilə tanış edirlər. Bir otağa girirlər, görür masanın üstü qızılla doludur. İşçilər deyir, Tahir müəllim, bunları sərhəddə müsadirə eləmişik, qaçaq maldır. İkinci otağa girirlər, görür bura brilyantla doludur, izahat yenə əvvəlki kimi verilir. Bu minvalla belə daş-qaş, ləl-cəvahirat, əntiq əşyalar dolu qırx otaq gəzirlər, axırda kabinetini göstərirlər və deyirlər filan qədər maaş alacaqsınız. Tahir Əliyev təəccüblənir: “Hələ mənə maaş da verəcəksiniz?”
İş təkcə bununla bitmir. Tutulan yoldaşlardan Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi (bax, bu şöbəyə ad qoyan adamın ana dilimizdən xəbəri varmı?) Anar Aslanov 400 köhnə avtomobili qanunsuz idxal etmək üçün ümumilikdə 55 min manat rüşvət almaqda ittiham edilir. NK-nın qərarı var, 10 il qabaq istehsal edilən maşını Azərbaycana gətirmək qadağandır. Anar müəllim isə (yəqin ki, onu AYB sədri Anar müəllimə hörmət baxımından belə adlandırıblar, lakin bildiyimizə görə, Anar müəllim köhnə maşın alveri ilə məşğul olmur, o, həmişə bağa Spartakın təzə Jiqulisində gedir) bu qərarı pozurmuş.
Yaxşı, indi bunu tutduq, bəs 400 maşın necə olacaq? Həmin maşınları alanlar nə edəcək? Hamıya təzə maşın almaq üçün uşaq pulu veriləcəkmi?
Gördüyümüz kimi, məsələ qəlizdir. Güman edirəm intiharların sayı artacaqdır, bu isə dövlətçiliyimizə yaraşmır. Mənə ayrılan yerdən istifadə edərək Fəzail müəllimi partiyasının qeydiyyata alınması münasibətilə təbrik edirəm. Mübarizə həmişə nəticə verir.
Hakimlərin həddindən çox cinayət işinə baxması, hakim çatışmazlığı problemi rəhbərliyin diqqətini çəkibdir, Ali Məhkəmə bu işə baş qoşmaq istəyən hüquqşünaslar üçün imtahan sayını azaldıbdır. Bunu da alqışlayır, qutlayırıq. İndən belə məhkəmədə hakim olmaq fikrinə düşən ta 6 yox, 4 imtahan verəcəkdir. Universitetə keçid balı aşağı düşəndən sonra bu, ikinci xoş xəbərdir. Təklif edirəm 80 bal yığıb Narxoza girə bilməyənlər hakimliyə sənəd versin. Hər cür imkanlar yaradılıb, hökumətin qədrini bilmirsiniz. Əlbəttə, bu da mübarizənin nəticəsidir, imtahan azalana qədər neçə hakim intihar elədi. Hakim çatışmazlığı sindromu (HÇS) ilə üzləşmişdik.
Gömrüyün problemi ilə başladıq, bələdiyyənin dərdi ilə yazını qapadaq. Rayonlarda bələdiyyə sədrlərinə cinayət işi açılmasında da artış var. Nəticədə bir bələdiyyə sədri dözməyib, ürəyini tutub ölüb. Cəmi 41 yaşı vardı. Bələdiyyə torpaq satmasın, rüşvət almasın, bəs nə eləsin? Tək zibil pulu ilə bala saxlamaq olarmı?
Hesab edirəm bu istiqamətdə də nəsə tənzimləyici tədbir görülməlidir. Məsələn, bələdiyyə sədrlərinə 45 yaşa çatana qədər rüşvət almağa icazə verilə bilər.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ