Onlayn ictimai-siyasi qəzet
Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin(MTN 2015-ci ildə ləğv olunub – E.M) sabiq idarə rəisi, general rütbəsi alınmış Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlakları ilə bağlı yeni araşdırma aparılacaq. İş materialları bu dəfə hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyətinin icraatına verilib.
Bakı Apelyasiya Məhkəməsi ötən il dekabrın 28-də hakim Habil Məmmədovun sədrliyil ilə keçirilən prosesdə Akif Çovdarov və Səlim Məmmədovla bağlı birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Həmin qərarla Akif Çovdarova məxsus aşağıdakı əmlaklar onun özünə qaytarılmışdı.
- Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8 milyon 100 min manat);
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95 min manat);
- Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300 min manat);
- Yasamal rayonu, M.Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231 min 500 manat);
- Xətai rayonu, M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125 min manat);
- Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483 min manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86 min manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71 min manat);
- Abşeron rayonu, Novxanı kəndi, Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808 min manat);
- Abşeron rayonu, Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi (dəyəri 700 min manat);
- Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60 min manat);
- Abşeron rayonu, Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203 min manat);
- Abşeron rayonu, Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59 min 500 manat);
- Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400 min manat);
- Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15 min manat);
- Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750 min manat);
- Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4 milyon 310 min manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2 milyon 470 min manat);
- Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 18 min manat);
- Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60 min manat);
- Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz (dəyəri 646 min manat);
- Kürdəmir şəhəri “Ərşəli yeri2 adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu (dəyəri 208 min 600 manat);
- Nəsimi rayonu, Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar (dəyəri 96 min manat);
- Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3 milyon 178 min manat);
- Nəsimi rayonu, Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası (dəyəri 4 milyon 500 min manat);
- Bakı şəhəri, Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145 min manat).
Akif Çovdarova məxsus olan əmlakın dəyəri 30 milyon manatı aşır. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovla yanaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunmuşdu.
Bu qərar ictimailəşdiyi andan cəmiyyətdə birmənalı qarşılanmadı. Baş Prokurorluq qəbul edilmiş qərardan protest verdi. Bu il aprelin 25-də Azərbaycan Ali Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Baş Prokurorluğun verdiyi kassasiya protestini təmin edib.
Qərara əsasən, əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib. Məhkumlar - Akif Çovdarov və Səlim Məmmədova münasibətdə əmlakların xüsusi müsadirəsi ilə bağlı məsələyə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə yenidən baxılması üçün cinayət işinin apellyasiya instansiyasında yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilmişdilər. Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarovla Səlim Məmmədov azadlığa buraxılıblar.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ