Onlayn ictimai-siyasi qəzet
Bu gün Rusiyada baş verənlərin başında bir nəfər durur: Vladimir Putin. Şovinist, islamofob və irqçi siyasətin müəllifi odur. Çünki o, Rusiyanı yenidən sovet, hətta çar dövrünün “digər xalqları əzmək” strategiyasına qaytarıb, onu daha da qəddarlaşdırıb.
Əgər Rusiya eyni dilə, eyni etnik kökə malik Ukrayna xalqına belə amansız divan tutursa, şəhərlərini yerlə bir edir, Buçada bütün dünyanın gözü qarşısında qətliam törədibsə, azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər müsəlman xalqlara qarşı davranışından nə gözləyəsən?!
SSRİ dağılandan sonra Rusiyada millətçilik və islamofobiya daha açıq forma aldı. Çeçenistanda on minlərlə günahsız insanı məhv etdilər, Qroznını daş üstə daş qoymadan dağıtdılar. Bugün isə bu qəddarlıq daha sistemli formada bütün müsəlmanlara, türkdilli millətlərə qarşı aparılır.
Son olaraq Yekaterinburqda baş verənlər Putinin irqçi dövlət maşınının necə işlədiyini ortaya qoydu: gecənin bir vaxtı OMON dəstələri azərbaycanlı ailələrin qapılarını sındırıb içəri soxuldu, insanları ailələrinin gözü qarşısında döyə-döyə aparıb işgəncə verdilər, nəticədə ikisi qardaş olmaqla, ən azı 5 azərbaycanlı amansızcasına qətlə yetirildi. Telefonlarını əlindən alıb onları informasiya blokadasına saldılar ki, heç nə yayılmasın. Amma yayılıb — çünki artıq XXI əsrdir, həqiqət ört-basdır olmur.
Bundan daha əvvəl, hələ may ayında Azərbaycanın millət vəkili Azər Badamov Moskva hava limanında heç bir əsas olmadan saxlanıldı, sorğu-suala, təzyiq və alçaldıcı rəftara məruz qaldı və nəhayət, zorla deportasiya olunaraq Bakıya qaytarıldı. Bu, beynəlxalq hüququn, diplomatik qaydaların açıq-aşkar təhqiridir.
Daha geriyə baxanda dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulması hadisəsi var. Rusiya nə o zaman üzr istədi, nə də kompensasiya ödəməyə razılaşdı. Sanki heç nə olmamış kimi davranır. Çünki Putin rejiminin yanaşması budur: “Rus olmayanın qanı ucuzdur.”
Bu gün Rusiyada “etno-cinayətkarlıq” anlayışını hüquqi dövriyyəyə soxmağa çalışırlar. Məqsəd — azərbaycanlıları, özbəkləri, qırğızları, türkmənləri avtomatik cinayətkar kimi damğalamaq və bu damğa ilə hər cür işgəncəyə, deportasiyaya, hətta öldürülməyə hüquqi zəmin hazırlamaqdır. Bu artıq Stalinin repressiyalarını da kölgədə qoyur. Stalin dövründə heç olmasa düşərgələr vardı, indi isə OMON küçənin ortasında edam hökmünü yerinə yetirir.
Ən dəhşətlisi isə odur ki, bütün bunlara Rus Pravoslav kilsəsi ideoloji əsas yaradır, hüquq-mühafizə orqanlarının qəddarlığını müqəddəs missiya kimi təqdim edir. Dini fanatizmlə millətçiliyin zəhərli qovşağında hüquq, humanizm və insan ləyaqəti ayaq altına atılır.
Bu fonda Azərbaycan dövlətinin Overçukun səfərini ləğv etməsi tamamilə yerində, düzgün, qürurlu addımdır. Bakı açıq göstərdi ki, vətəndaşlarının qanının hesabına dostluq oyunu oynamayacaq. Azərbaycan dövləti bu gün öz vətəndaşlarını qorumaq üçün Rusiya ilə üz-üzə dayanmağa, onun bütün siyasi və diplomatik təzyiqlərinə sinə gəlməyə hazırdır.
Bəli, Vladimir Putinin yaratdığı bu dövlət maşını hazırda miqrantlara, xüsusilə də müsəlmanlara qarşı terror siyasəti yürüdür. Amma unutmasınlar: bizim üçün Yekaterinburqda öldürülən soydaşımızın qanı da, Xocalıda qətlə yetirilən körpənin qanı da, Moskva aeroportunda təhqir olunan deputatımızın heysiyyəti də eyni dərəcədə əzizdir. Azərbaycan xalqı və dövləti bu təhqirləri unutmayacaq.
Yeni Müsavat Media Qrupu, Redaksiya yazısı
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ