Onlayn ictimai-siyasi qəzet
Gənclərin xarici ölkələrdə təhsil almalarına dair dövlət proqramına doktorantura pilləsi də əlavə edilib
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
Sərəncamla həmçinin gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramına doktorantura pilləsi də əlavə edilib. Qeyd olunub ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.
İlqar Orucov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, sərəncam Azərbaycanın iqtisadi, mədəni, elmi inkişafına hədəflənib. Sosial baxımdan kifayət qədər böyük əhəmiyyətə malik dövlət proqramıdır: “Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı birinci dövlət proqramının hazırlayan işçi qrupun üzvü olmuşam. O zaman dövlət başçısı strateji əhəmiyyət kəsb edən ixtisaslar üzrə kadr hazırlığının təmin olunması tapşırığını vermişdi.
Dünyanın təhsil tutumlu ölkələrinin nüfuzlu və yüksək reytinqə malik olan universitetlərində Azərbaycanın inkişafına töhfə verəcək kadr hazırlığı ilə bağlı müvafiq araşdırma, təhlillər aparıldı. Ölkəmizin gələcək inkişafını təmin edə biləcək 3500-dən çox gənc ən nüfuzlu ali təhsil müəssisələrinə göndərildi. O zaman gənclər bakalavr və magistratura pilləsində təhsil almalı idi. Cənab Prezidentin dövlət proqramına etdiyi dəyişikliklərlə bağlı sərəncamından sonra isə dövlətin proqramının mahiyyətində doktorantura çərçivəsində ali təhsil almaq imkanı əldə edildi.
Gənclərimizin xaricdə təhsil almasının xərclərinin Dövlət Neft Fondu tərəfindən qarşılanmasının böyük mahiyyəti var. Qarabağa pul buraxılır, bərpa işləri aparılır. Bu işlərin arasında dövlət başçısı belə bir qərar verir. Bu dövlət proqramı ilə müəyyənləşdirilmiş ixtisaslar və universitetlər birbaşa Azərbaycanın gələcəkdə lazım olacaq peşəkar kadrlarla təminatını həyata keçirəcək. Gələcək düşünən beyinlərin, intellektual və dayanaqlı, inkişafı təmin edəcək insanlarla bağlıdır.
Prezidentin hədəfində güclü Azərbaycan qurmaq dayanır. Minlərlə gəncimiz bu proqramdan yararlanacaq. Eyni zamanda elmi kadr potensialımız təmin ediləcək. Hər zaman narahat olmuşuq ki, Azərbaycan elmi məktəblərdən çıxır, qocalma tendensiyası var və s. Lakin bu qərar dövlətimizin gələcəyinə xidmət edəcək. Elmi tədqiqat sahəsinə yeni ruh gələcək".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ