İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc oğlanla qız qəbiristanlıqda yaxalandı... - TƏFƏRRÜAT

Bu ilin 24 mart tarixində Bərdə rayonunun Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqda 2003-cü il təvəllüdlü Məhəmmədəli Quliyevin Elnur Məmmədovu (şərti adlı) bıçaqlaması faktı ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işə baxılarkən maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, hadisədən əvvəl Mustafaağalı kənd sakini olan 18 yaşlı Məhəmmədəli rayonun Arabaçılar kəndindən olan sevgilisi ilə qəbiristanlığa gəlib. Onlar orada qızın anasının məzarını ziyarət ediblər. Bu zaman uzaqdan tanımadıqları şəxsin onlara baxdığını görən gənc sevgililər qəbiristanlığı tərk etmək qərarına gəliblər və 17 yaşlı Aybəniz (şərti) məzarlıqdan çıxaraq taksiyə minib və ərazidən uzaqlaşıb. Bundan sonra cütlüyü görən Elnur Məmmədov Məhəmmədəlini yanına çağırıb.

Məhkəmədə ifadə verən bıçaqlanan şəxs olayı belə təsvir edib:

"24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığım Hacılar kəndindən qonşu kənd olan Arabaçılar kəndinə getmişdim. Arabaçılar kəndi yaxınlıqda olduğu üçün qəbiristanlığın içərisindən keçən yol ilə piyada gedirdim. Yolüstü orada atamın məzarına baş çəkdim. Daha sonra aşağı tərəfə gedən zaman qəbirlərin yanında bir oğlanla qızın dayandığını gördüm. Onlar öpüşürdülər, məni görən kimi əyinlərini düzəldib ayağa durdular və oradan çıxıb qəbiristanlığın yuxarısına tərəf getdilər. Mən isə həmin oğlanla qızın dayandıqları yerə doğru getdim və oradakı qəbirin qonşumun həyat yoldaşının qəbri olduğunu, qızın da qonşumun qızı olmasını bildim. Daha sonra sonradan adının Məhəmmədəli olmasını bildiyi oğlanın və Aybənizin arxasınca gedərək hər ikisinin şəhidlərin dəfn edildiyi tərəfdə olduğunu gördüm. Həmin yerə çatanda həmkəndlim Mirova məxsus "VAZ-2107" markalı avtomobili gördüm, yaxınlaşanadək Aybəniz həmin avtomobilə minərək oradan uzaqlaşdı. Məhəmmədəli isə qəbiristanlığın aşağı tərəfinə gedərək özünün yaşadığı Mustafaağalı kəndi istiqamətində irəlilədi. Mən Məhəmmədəlini səsləyərək dayanmasını istədim. Məhəmmədəli dayanaraq məni gözlədi, mən də yaxınlaşıb Məhəmmədəlidən kim olduğunu soruşdum. Bu zaman Məhəmmədəli qızın sevgilisi olduğunu bildirdi. Daha sonra mən Məhəmmədəliyə "Adam istədiyi qızı qəbiristanlığa gətirib belə edir?" sualını ünvanladım, qəbiristanlıqda qızla öpüşdüyü üçün bir dəfə şillə ilə Məhəmmədəlinin sifətindən vurdum. Məhəmmədəli mənə "Əmi, niyə elə danışırsan? Qızın atası da bilir, dayısı da bilir" sözlərini söylədi. Həmin vaxt mən qızın həm atasının, həm də dayısının mobil nömrələrinə zəng edəcəyimi, onların bundan xəbəri olmasını, yoxsa yalan dediyini dəqiqləşdirəcəyimi bildirdim. Əsas məqsədim Məhəmmədəlini kəndə aparmaq olduğu üçün tanışlarımdan birinə zəng edib qəbiristanlığa çağırmaq istədim. Ancaq həmin tanışıma zəng etsəm də, zəngə cavab verilmədi. Bir neçə saniyə sonra mənim mobil telefonuna zəng gəldi. Mən üzümü geriyə döndərib zəngə cavab verəndə Məhəmmədəli məni arxadan bıçaqla vurdu. Dönüb sol əlimi qarşıya uzatdıqda Məhəmmədəlinin vurduğu ikinci bıçaq zərbəsi sol qoluma dəydi. Daha sonra Məhəmmədəliyə mane oldum, dostum Namiqin mobil nömrəsinə zəng edərək qəbiristanlıqda bıçaqla vurulduğumu və Namiqdən təcili qəbiristanlığa gəlməsini xahiş etdim".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Aybənizlə münasibətini onun atası və xalası bilib. Hadisə baş verən gün qızın xahişi ilə onun anasının məzarını ziyarət ediblər və bu zaman Elnur onlara yaxınlaşıb. Sevdiyi qızı yola salandan sonra Elnur onu çağırıb və ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxsin onu kəndə aparıb biabır edəcəyini düşündüyü üçün üstündə gətirdiyi qatlanan bıçaqla zərbə endirib.

Məhkəmə Məhəmmədəlini 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR