Onlayn ictimai-siyasi qəzet
Bakının Səbail rayonunda 1993-cü il təvəllüdlü Şahin qeyri-rəsmi münasibətdə yaşadığı Kəmaləni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Şahin əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Kəmalənin ondan ayrılmaqla, başqa kişilərlə görüşdüyünü zənn edib. Bunu özü üçün qəbuledilməz hal sayıb və onu öldürmək qərarına gəlib.
Şahin niyyətini həyata keçirtmək məqsədilə yaşadığı Bərdə rayonunun kəndində yerləşən evdə 2024-cü ilin istintaqa dəqiq məlum olmayan tarixində mərhum babası Musadan qalmış ov tüfəngini çantasında gizlədib.
Daha sonra yaşadığı kənddən Bakı şəhərinə gəlib. O, niyyətini həyata keçirmək üçün Kəmaləyə birgə münasibətlərindən olan qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb və görüşə dəvət edib.
Şahin 2024-cü ilin yanvar ayında saat 23 radələrində Səbail rayonunda yerləşən “Sahil” hotelinin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında orta dərəcəli alkoqol sərxoşluğu halında Kəmalə ilə görüşüb. Kəmaləni öldürmək niyyəti ilə əvvəlcədən həmin otaqda gizlətdiyi odlu silahdan onun döş qəfəsi nahiyəsinə atəş açıb.
Kəmalənin atəşdən yayınma cəhdinə görə güllə onun sağ əl və sağ əlin barmaqlarından dəyib. Ağır xəsarət alan qadına tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.
“Ara-sıra görüşmüşük”
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2010-cu ildə Kəmalə ilə qeyri-rəsmi ailə həyatı qurub: “2016-cı il tarixədək Kəmalə ilə ər-arvad münasibətlərində qalaraq onunla birlikdə yaşamışam.
Həmin ilin sonlarında Kəmalə ilə münasibətlərimiz alınmadığından ondan ayrıldım. Lakin Kəmalə ilə birgə nikahımdan anadan olmuş 2011-ci il təvəllüdlü qızım Leylaya görə ara-sıra Kəmalə ilə görüşərək münasibət yaratmışam”.
“Mənimlə görüşmək istəmədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Zülfiyyə ilə tanış olaraq onunla qeyri-rəsmi nikaha daxil olarub və ər-arvad münasibəti qurub: “Zülfiyyə ilə birgə nikahdan iki övladımız oldu. Keçmiş arvadım Kəmalə ilə ayrılmağımıza baxmayaraq münasibətlərimiz son zamanlara kimi davam edirdi.
Mən məhkəmə iclasında deyə bilmədiyim səbəbdən 2024-cü ilin yanvar aylarında Bərdə rayonunun kəndində mərhum babam Musadan yadigar qalan sənədsiz təklülə ov tüfəngini evdən götürdüm və lüləsini laqonda ilə kəsərək balacalaşdırdıqdan sonra əl çantama yerləşdirdim.
Saat 15:00-da yaşadığım Bərdə rayonundan Bakı şəhərinə gedən taksi ilə Bakı şəhərinə yola düşdüm. Yolboyu spritli içki qəbul etdim. Yolda istifadəmdə olan mobil telefon nömrəsindən keçmiş həyat yoldaşım Kəmaləyə zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Lakin Kəmalə görüşmək istəmədiyini bildirdi”.
“Planım öldürmək idi”
Şahinin ifadəsinə görə, saat 19:00-da Səbail rayonunda yerləşən “Sahil” hotelə gəlib və 609 nömrəli otağı 35 manat pul ödəməklə kirayələyib: “Dəniz ətrafında bir az gəzdikdən sonra yenidən “Sahil” hotelə qayıtdım, orada gecələdim. Növbəti gün saat 20:000-da Kəmaləyə zəng etdim. Bu dəfə ona birgə nikahdan olan övladıma baxması üçün 1000 manat pul verəcəyimi vəd etdim və aldadaraq onu hotelə çağırdım.
Kəmalə təkliflə razılaşaraq 1-2 saat ərzində dediyim ünvanda ola biləcəyini bildirdi. Otağa bir balıq və yarım litr spritli içki sifariş etdim, Kəmalənin gəlməsini gözlədim.
Kəmaləni öldürmək məqsədi ilə Bərdə rayonundan gətirdiyim ov silahını əl çantamdan götürərək yataq dəstinin alt hissəsində gizlətdim. Planımın onu öldürmək idi”.
“Dedim, ürəyindən atəş açıb, səni öldürəcəyəm”
Şahin qeyd edib ki, saat 23 radələrində Kəmalə hoteldə kirayələdiyi 609 nömrəli otağa daxil olub: “Otağa daxil olduqdan sonra Kəmalə işi olduğunu və vəd etdiyim pulu alıb gedəcəyini bildirdi. Bir müddət söhbət etdikdən sonra ona qəti olaraq bildirdim ki, Bakı şəhərində yüngül həyat tərzi keçirməsinə son qoysun, əks təqdirdə ona yaxşı olmayacaq. Ağzımdan söz çıxmamış Kəmalə boşandığını və istədiyi tərzdə yaşayacağını söylədi.
Onun mənə verdiyi cavabdan bərk qəzəbləndim. Ondan hamam otağına keçməyi xahiş etdim, çantamda ona göstərmək istəmədiyim əşya və vəd etdiyim pul olduğunu dedim. Kəmalə mənə inanaraq hamam otağına girdi.
Kəmalənin kürəyi mənə tərəf olanda planladığım kimi onu öldürmək məqsədi ilə əvvəlcədən gizlətdiyim lüləsi kəsilmiş ov tüfəngini götürərək hazır vəziyyətə gətirdim. Sonra hamama daxil olaraq ona səsləndim və dedim ki, ürəyindən atəş açıb, səni öldürəcəyəm. Kəmalə üzünü mənə tərəf çevirdikdə ucadan qışqırmağa başladı.
Bu vaxtı lüləsi kəsilmiş ov tüfəngi ilə onun ürək nahiyəsinə tuşlayıb nişan aldım. Atəş açmaq istəyəndə Kəmalə əli ilə tüfəngin lüləsini kənara itələdiyindən güllə açıldı. Güllə onun ürək nahiyəsindən yox, sağ qolundan dəydi. Kəmalə yerə yıxıldı. Atəş açmamışdan qabaq Kəmalə ilə mənim aramda məsafə təxminən 0,5 metr olardı.
Kəmalənin ölmədiyini görüb tüfənglə ona zərbə yetirərək öldürmək məqsədi ilə ona yaxınlaşdın. Atəş səsinə və Kəmalənin qışqırığına hotel işçiləri otağa daxil oldular və onu öldürməyimə mane oldular. Hotelin əməkdaşları Kəmaləni çıxartdılar”.
“Fahişəliyə cəlb etmə ilə məşğul olmamışam”
Şahin bildirib ki, Kəmalə tərəfindən istintaqa təqdim edilmiş səsyazıları ona məxsusdur: “Kəmalə ilə telefon danışıqlarımızda onun anasına məxsus olan və mənim baxdığım qoyun-quzunu oğurlayaraq satdığımı bildirməyim yalan məlumatdır. Mən Kəmaləyə həmin qoyun-quzunu satmadığımı, istədikləri vaxt gəlib həmin qoyun-quzunu məndən təhvil ala biləcəklərini demişəm.
Kəmalənin anası qoyun-quzusunu saymaq üçün bir neçə dəfə Bərdə rayonuna gəlib və sayda hər hansı əskiklik aşkar etməyib.
Mən Kəmaləyə guya Bərdə rayonunda fahişəliyə cəlbetmə ilə məşğul olduğumu yalandan demişəm. Əsl həqiqətdə hər hansı bir vaxt və hər hansı bir yerdə fahişəliyə cəlbetmə ilə məşğul olmamışam. Guya Bərdə rayonunda qumarxana təşkil etdiyimi də yalandan demişəm”.
“Münsibətlərimiz yarandı”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, 2010-cu ildə Şahinlə qeyri-rəsmi ailə həyatı qurub, həmin evlilikdən bir qız övladları anadan olub:
“Şahinlə 2016-ci ildə ayrılmışıq. Son 10 ildə Şahinlə əlaqələrim olmayıb. Axır 6 ay ərzində anam qoyun-quzu bəsləmək üçün Şahinlə birlikdə işləyib.
Şahinin Bərdə rayonunda qoyun-quzu ferması var. Anamla olan şifahi razılaşmaya əsasən, mənə ödəməli olduğu 8000-9000 manat məbləğində alinment borcu əvəzinə anama məxsus 59 baş qoyun-quzuya Bərdə rayonunda fermasında baxmağı öhdəsinə götürdü. Şahinlə yenidən münasibətlərimiz onda yarandı”.
“Polisə şikayət edəcəyimi bildirdim”
Kəmalə qeyd edib ki, təxminən 2023-cü ilin dekbarın əvvələrində hadisədən qabaq Şahinlə qonşuluqda yaşayan Tahir adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib:
“Anama məxsus qoyun-quzunun Şahin tərəfindən satıldığını bildirdi. Mən məsələni anama danışdıqdan sonra 2023-cü ilin dekabr aylarında anam Bərdə rayonuna getdi. Amma qoyun-quzuda hər hansı əskiklik aşkar etmədi.
Lakin mən Şahinlə məsələni aydınlaşdırmaqdan ötrü “whatsapp” mobil tətbiqində videogörüntülü şəkildə telefonla danışdım.
Qoyun-quzu məsələsi ilə əlaqədar mütəmadi olaraq onunla telefonda söyüşlü mübahisələr etdim. Mübahisələrin birində Şahin anama məxsus qoyun-quzuların satıldığı barədə yalan məlumat verdiyimə görə məni cəzlandıracağını bildirdi. O, qoyun-quzu puluna ehtiyacı olmadığını, özünün Bərdə rayonunda fahişəliyə cəlbetmə ilə məşğul olduğunu dedi.
Şahinə onun səsini yazdığımı, əgər anama məxsus qoyun-quzuda əskiklik olacağı təqdirdə onun barəsində polisə şikayət edəcəyimi bildirdim”.
“Cərimə olundum”
Kəmalənin ifadəsinə görə, 2024-cü ilin yanvar ayının əvvələrində anası ilə Bərdə rayonuna gediblər: “Şahinlə görüşdük. Anama məxsus qoyun-quzuların sayında hər hansı əskiklik aşkar etmədik. Gecəni Yevlax rayonunda yerləşən “Şirvangöl” hotelində Şahin və qızımla birlikdə qaldıq, səhər yeməyini hoteldə yedik.
Bakı şəhərinə qayıdanda yolüstü Şahini Bərdə rayonunda yaşadığı ünvanda düşürtdüm. Avtomobillə yol hərəkəti qaydalarını pozduğuma görə 170 manat məbləğində cərimə edildim. Şahin cərimənin ona görə yazıldığı səbəbindən cərimə pulunu ödəyəcəyini bildirdi”.
“Gecə xalamın evinə gedərək orada gecələdim”
Kəmalə qeyd edib ki, 13 yanvar 2024-cü ildə Şahin dostundan avtomobil almaq məqsədi ilə Bakı şəhərinə gəlib: “Şahin mobil telefon nömrəmə zəng edərək Bakı şəhərinə gəldiyini və yaşadığım mənzildə gecələmək istədiyini, həmçinin yol hərəkəti qaydalarını pozduğuma görə 170 manat cərimə pulunu ödəyə biləcəyini söylədi.
Təkliflə razılaşaraq ona yaşadığım ünvanda qala biləcəyini dedim. Saat 20:00-da Şahin mənim ailə üzvlərimlə yaşadığım mənzilə gəldi.
Burada sıxlıq olduğu üçün mən xalamın evinə gedərək orada gecələdim. Növbəti gün səhər saat 13 radələrində Şahin evimizi tərk etdi”.
“Pul vermədiyini gördüm”
Kəmalənin sözlərinə görə, daha sonra Şahin yanvarın 16-d saat 20:00-da ona zəng edib: “Telefon danışığımızda 170 manatı mənə nağd şəkildə verəcəyini bildirdi və məni “Sahil” hotelə çağırdı. Şahinin təklifi ilə razılaşdım, 1-2 saat ərzində dediyi ünvanda ola biləcəyimi bildirdim. Gecə saat 23 radələrində hotelə gəldim.
Onun sərxoş vəziyyətdə olduğunu və stolun üzərində spirtli içki, qida məhsulları düzüldüyünü gördüm. Söhbət edən zamanı o, Bərdə rayonunda qumarxana təşkil etdiyini, qumarxanaya polislər tərəfindən basqın edildiyini, bu səbəbdən Bərdə rayonundan Bakı şəhərinə gəldiyini bildirdi.
İçkili vəziyyətdə olduğundan Şahinə tələsdiyimi, vəd etdiyi pulu verməyi xahiş etdim. Bu vaxt Şahinin telefonuna zəng gəldi. Telefonda danışan şəxsə onun “mənim arxamca gələcəksən” dediyini eşitdim.
Danışıq bitdikdə onun mənə pul vermədiyini gördüm. Mübahisə etməyə başladıq”.
“Güllə sağ qolumdan dəydi”
Kəmalə qeyd edib ki, tanımadığı otel işçilərindən biri iki dəfə otağa gələrək səs-küyə görə onlara irad bildirib:
“Şahin mənə hamama keçməyimi təklif etdi. Çantada mənə göstərmək istəmədiyi əşya və mənə verəcəyi pul olduğunu bildirdi. Şahinin dediyini edib hamama daxil oldum.
Şahin arxamca səslənərək məni çağırdı. Geriyə döndükdə Şahin ov tüfənginin lüləsini sinə nahiyəmə tutaraq dedi: “Səni ürəyindən vuraraq öldürəcəyimi demişdim, axı...” Bərkdən qışqıramağa başladım, ov tüfənginin lüləsini əlimlə kənara itələdim. Silahdan atəş açıldı. Güllə sağ qolumdan dəydi, hamamda döşəmənin üstünə yerə yıxıldım.
Şahin əlində olan ov tüfəngi ilə üzərimə gələn zaman otelin işçiləri içəri girib məni öldürməyinə mane oldular. Səhv xatırlamıramsa, tanımadığım şəxslərdən biri Şahinin belində olan bıçağı götürərək onu kənara tulladı.
Otelin işçiləri mənə ilkin tibbi yardım göstərdilər. Anama zəng edərək baş vermiş hadisəni danışdım. Təxminən 10 dəqiqə sonra anam, bacım və xalam birlikdə otelə gəldilər. Məni anamın idarə etdiyi avtomobilə əyləşdirdilər və təcili tibbi yardıma apardılar”.
Zərərçəkmiş bildirib ki, Şahinin onu öldürmək niyyətinin əsasının qısqanclıq zəminində baş verməsi tamamilə yalandır:
“Biz 10 ilə yaxındır bir yerdə yaşamırıq. Həmçinin bu günədək övladıma bir manat da aliment pulu ödəməyib. Ov tüfəngi ilə sağ qolumdan atəş açdıqdan sonra törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməyib. Mənə hər hansı bir formada köməklik göstərməyib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ