İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız casusun medalı

Başa düşürəm, Fransa ilə münasibətlərimiz qanlı bıçaqdır, ancaq həmişə belə olmayıb. Bir zamanlar fransızlar hətta Bakıda teleserial çəkirdilər. Çox ünlü “Büro” serialının həm də Bakıda çəkilməsini nəzərdə tuturam. İMDB reytinqi 8,7 olan, həqiqətən çox maraqlı serialdır, xüsusi xidmətlərin, casusların həyat və fəaliyyətindən bəhs edir. Onun 3-cü sezon 7-ci seriyasında bizim Beynəlxalq Avtovağzal epizodu var. Qəhrəman gəlir ordan bilet alır, guya avtobusla Rusiyaya gedəcək. İndiki karantin dövrümüzə qalsa, yəqin heç Ucara da gedə bilməzdi.

Ancaq “Büro” serialını xatırlamağımın səbəbi fransız casusların Biləcərinin böyründə fırlanması deyil. Heç metroda tutulan fransız rəssamın real məhkəməsi, o cümlədən, Yeni Kaledoniya xalqına müstəmləkə ilə mübarizədə verdiyimiz dəstək də mövzu deyil. Həmin serialda Fransa xüsusi xidmətinin və MOSSAD-ın ikili agenti olan qızı İranın nüvə araşdırmalarını öyrənmək üçün Bakıya, seysmoloji konfransa göndərirlər. Gözəl fransız aktrisası Sara Jirodo-nun oynadığı personaj paytaxtımızda Geofizika İnstitutunda (“Elmlər Akademiyası” tərəfdə binanın fasadı serialda aydın göstərilir) necə elmi çıxış yapırsa ona qalıb burda işləmək təklif olunur.

Təsəvvür eləyin. Fransız alim-casus Bakıda, AMEA-da çalışmalıdır... İndiki dövrümüzdən baxanda tragikomediya janrına daha çox oxşayır, nəinki casus trillerinə.

Hələ bu harasıdır, mövzuya indi giririk: konfransda çıxışından sonra fransıza bizimkilər medal verir! Dərhal. Cəmi 1 çıxışa görə! Casus da sonra bunu Hilton-Bakı hotelində Mossad-ın nümayəndəsilə görüşündə gülə-gülə nəql edir. Təxminən belə deyir: “Çıxışım hamının xoşuna gəldi. Özüm yazmadığım çıxışa görə mənə hətta medal verdilər”. Sonra Mossad agentindən (şefindən) xahiş edir ki, bu medalı özümdə saxlaya bilərəmmi. Agent də deyir, əlbəttə, kef elə.

Bəli. Xalqımızın medal-orden aşiqliyi dünya arenalarında da məşhurdur. Yəqin bizdə olan medalların sayı Şimali Koreyadan çoxdur. Ya da ən azı baş-başa gedirik. Məsələn, “Fövqəladə halların yaradılmasının 15 illiyi” adlı medalımız var idi, lap təzəlikcə yeni fərman verildi, “Fövqəladə halların yaradılmasının 20 illiyi” medalı təsis olundu. Yəqin 30, 35, 40, 45 illiklərin də öz medalı olacaqdır. Məncə “21 illik” də olsa yaxşı olar.

Xalq artistimiz var, heç qonşuları tanımır. “Şərəf” ordenli, lakin bütün millətimizin zəhləsi gedən tiplər var. İstiqlaliyyətimizin əleyhinə səs verənlər var, “İstiqlal” ordeni ilə təltif olunublar. Sonuncu dəfə isə bir manıs aşkara çıxarılıb, sən demə bu mamlı-matan xanım “Vətən müharibəsində iştirak” medalı alıbdır. Ta necə iştirak edib, heç kim bilmir. Yeganə olaraq aşkar edilib ortalığa çıxarılan fakt manısın müdafiə nazirinin qənşərində muğam oxumağı, nazirin də sakitcə dinləməsidir. Düzdür, axırda Abdulla Qurbaninin sayəsində hamı manısa çəpik çalır, o cümlədən nazir. Bunu müharibədə iştirak hesab etmək olarmı? Allah bilir.

Ola bilsin xanım hansısa gizli kəşfiyyat xidmətimizin əməkdaşıdır (bax: yuxarıdakı serial), dava vaxtı onu Qarabağa, yaxud Ermənistan... üzr istəyirəm, Qərbi Azərbaycan ərazisinə əməliyyata göndərmişlər. İşin, fəaliyyətin xüsusiyyətləri tələb edir ki, aşkarlıq olmasın. Sözgəlişi, Mehdi Hüseynzadənin 2-ci dünya savaşında qəhrəmanlıqları da uzun müddət gizli qalıb, ona yalnız 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 

Mixaylonu hansısa manısla müqayisə etməklə, hesab edin ki, mən onu Sloveniyada dağlarında təzədən öldürdüm, ümidvaram buna görə “Mətbuatın 150 illiyi medalı”na haqqım çatır.

 

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR