Onlayn ictimai-siyasi qəzet
Fransada 33-cü Yay Olimpiya Oyunları davam edir. İyulun 26-dan avqustun 11-dək davam edəcək yarışlar ilk günlərindən rəzaləti ilə dünyaya səs salıb.
Musavat.com xəbər verir ki, təhlükəsizlikdən tutmuş təmizliyə qədər bir çox çatışmazlıqlar qonaqların narazılığı ilə qarşılanıb və günlərdir müzakirələrə səbəb olub.
Açılış mərasimində xristianların dini hislərinin təhqir olunması isə son hədd oldu, peyğəmbər İsa Məsihin etikadan kənar obrazının yaradılması Fransa hakimiyyətinin məqsədyönlü şəkildə insanların dini hislərini alçaltması kimi dəyərləndirildi. Açılış mərasimində satanistlərin simvollarının nümayiş etdirilməsi də bu ölkə haqqında açıq-aşkar fikir formalaşdırdı.
İlahiyyatçı İlqar İbrahimoğlu hesab edir ki, Parisdə Olimpiadanın açılışında baş verənlər - biabırçılıqdır, amma gözlənilməz deyil:
"Əksinə, bu, dünyada yer alan və misilsiz mənəvi aşınma isə səciyyələnən bir sürəcin davamıdır. Sadəcə bu dəfə estafet Parisdədir. Bu sürəcin ünvanı - bəşəriyyətin deqradasiyasıdır. Bu, bütövlükdə dünyanın daxil olduğu mənəvi dalanın və modern tükənmənin bariz əlamətidir.
Birləşdirmək məqsədi daşımalı olan Olimpiada, fitnə-fəsadla və əslində Olimpiadanın əsasını təşkil edən dəyərlərə və fəlsəfəyə təhqirlərlə başladı. Bu, sadəcə epataj xatirinə edilmiş birdəfəlik aksiya deyil.
Paris biabırçılığının sadəcə açılış şou kontekstinə çox ötəri bir dəxli var. Açılış - milyardların diqqətini cəlb etmək üçün bir bəhanə idi.
Bəşəriyyəti həyasızlıq və dəyərsizliyin eybəcər sintezinə öyrəşdirmək və nəhayətdə, ruhunu məhv eləmək istəyirlər" - deyə İlgar İbrahimoglu əlavə edib.
Milli Məclisin VI çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da bu məsələ ilə bağlı mövqeyini bildirib:
"Bu gün bütün dünya Fransada olimpiada oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir. Fransanın sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq bütün dünyada hiddət doğurdu.
Biz dəfələrlə Fransanın İslama qarşı dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılmış, Məhəmməd Peyğəmbərin karikaturası çəkilmiş, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar atılmışdır. Lakin bu dəfə dünya Fransanın təkcə müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu.
Bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir.
Fransa təəssüf ki, eyni münasibəti Azərbaycana qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi. Görün, dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqların pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı, Fransa güzgüdə özünə baxsın. Hansı günə qaldığını görsün.
Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur. Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər".
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ