İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa yenə erməni tərəfini göstərdi - Paris meri sülhə və Şarl Mişelə qarşı

Paris merinin beynəlxalq axtarışa verilmiş terrorçu  ilə görüşünə Bakıdan sərt etiraz

Paris merinin qondarma “artsax” separatçılarına qucaq açması rəsmi Bakının etirazına səbəb olub.  Belə ki, Ermənistanda səfərdə olan  Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın suveren ərazilərindəki qanunsuz rejimin rəhbərliyi ilə bir araya gəlib.

Paris meri, görünür, Azərbaycanın xəbərdarlığını nəzərə alaraq Rusiya sülhməramlılarının müvəqqəti təsir dairəsində olan Xankəndinə gəlməyə cürət etməyib. Belə ki, görüş Ermənistanda, Zəngəzurun Gorus bölgəsində baş tutub. Musavat.com erməni mediasına istinadən bildirir ki, fransızlar Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanla görüşüblər. Qeyd olunub ki, Arutyunyan Paris merinin “təşəbbüsü və cəsarətindən məmnunluğunu” ifadə edərək vurğulayıb ki, “artsax hakimiyyəti” Fransanın siyasi dairələri ilə dövri təmasları yüksək qiymətləndirir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ann Hidalqo qeyd edib ki, Paris humanitar proqramlar çərçivəsində “artsax xalqını” dəstəkləmək üçün lazımi səyləri göstərməyə hazırdır.

Sonra qondarma rejimin “qanunvericilik və icra hakimiyyəti orqanlarının” nümayəndələri, Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan, ARF Bürosunun üzvləri, Fransadakı Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının məsul şəxslərinin, qubernatorun iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Humanitar məsələlərin geniş spektri müzakirə olunub. Beləliklə, Fransa separatçıları, barəsində İnterpol xətti ilə axtariş elan olunan terrorçunu “tərəf” kimi tanımaqla növbəti dəfə təxribata imza atıb.

Paris merinin qanunsuz hərəkəti ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya öz etirazını bildirib. Fransanın Bakıdakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib. Nazir müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını ifadə edib. Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərinə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb. Paris merinin qanunazidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibəsonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.

Parisin qadın meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır. Xanım İdalqo ispan mənşəlidir və  2014-cü ildən Parisin meridir. 1994-cü ildən Sosialist Partiyasının üzvü olan İdalqo ermənilərlə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Bu xanım fransız ermənilərinin təşkilatı CCAF-ın (Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası) rəhbəri Jan-Mark Ara Toronyanın qızıdır. İdalqonun Ermənistanla da əlaqələri var. O,  dəfələrlə Ermənistanın sabiq prezidenti  Serj Sərkisyanla görüşüb. 

Ann İdalqo Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb. Bunu yalnız bir merin özbaşınalığı kimi qəbul etmək olmur. Həm də söhbət paytaxt merindən gedirsə. Çünki meriyanın idarəetmə şurasında prezident Makronun partiyasının da təmsilçiləri var. Aydındır ki, burada erməni lobbisinin də ciddi rolu olub. Amma bunu təkcə erməni lobbisinin “ayağına” yazmaq da olmaz. Fransa dildə nə qədər Azərbaycanla normal münasibətlər qurmaqda maraqlı olduğunu bəyan etsə də, zaman-zaman bu cür anti-Azərbaycan addımlarından da çəkinmir. Həm də Ermənistan-Azərbaycan arasında Fransanın dönəm sədrliyi etdiyi Avropa Birliyinin vasitəçiliyi ilə danışıqların davam etdiyi bir zamanda... Belə anlaşılır ki, Fransa Avropa Birliyinin, üstəlik, fransız olan Şarl Mişelin də əleyhinə fəaliyyət göstərir.

Fransa səfirinə etiraz bildirməklə rəsmi Parisin də, onun separatçılara dəstək verən merinin də mövqeyini dəyişmək mümkündürmü? Fransa niyə hələ də nümayişkaranə şəkildə separatçıları dəstələyir, sülh prosesinin əleyhinə çıxır?

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda səfərdə olan  Fransa rəsmilərinin Azərbaycanın suveren ərazilərindəki qanunsuz rejimin rəhbərliyi ilə bir araya gəlməsi artıq adət halını alıb. Bu onu sübut edir ki, Fransa rəsmiləri nəinki beynəlxalq hüquq anlayışını qəbul etmir, öz dövlətlərinin xarici siyasətdəki maraqlarını nəzərə almır: “Paris merinin beynəlxalq axtarışa verilmiş terrorçu Araik Arutyunyanla görüşünun  Zəngəzur bölgəsində baş tutması əslində Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi və bu istiqamətdə apardığı proseslərə cavab kimi qəbul olunmalıdır. Ancaq bunu Fransanın Xarici İşlər Nazirliyi və ya xarici siyasət servisində çalışan hər hansı bir siyasətçi etsə idi, haradasa izahı olardı.

İndi Fransa merinin Zəngəzurda beynəlxalq axtarışa verilmiş terrorçu  ilə görüşünün regionda gedən proseslərə nə kimi maneəsi ola bilər? Bu, birmənalı olaraq Fransanın Avropa Birliyinin səylərini sabotaj etmək cəhdidir. Baxmayaraq ki, Avropa Birliyinə sədrlik hazırda Fransadadır. Fransa siyasətçilərinin böyük əksəriyyəti ermənilərlə sıx işbirliyində olduqları üçün Avropa Birliyinin də maraqlarını ermənilərə qurban verməkdən çəkinmirlər. Təsadüfi deyil ki, Fransanın ermənipərəst və pozuculuğa yönələn cəhdləri ATƏT-in Minsk Qrupu çərçivəsində həmişə müşahidə edilirdi".

Ekspert qeyd etdi ki, bu, sadəcə, Fransanın bu proseslərdə öz tərəfini bəlli etməsinin, Ermənistanın yanında olmasının növbəti nümayişidir. Fransanın  Cənubi Qafqaz siyasəti həmişə yanlış olub və bu yanlış siyasətdən ən çox ziyan çəkən isə Avropa Birliyidir: “İndi də belə görünür ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sülh təşəbbüslərinin əleyhinə fransalı siyasətçilər, məmurlar tərəfindən fəaliyyət gücləndirilib. Amma Fransanın, ümumiyyətlə, Cənubi Qafqaz siyasətindəki yanlışlıqlar, daxili siyasətindəki lobbi qruplarının sifarişləri ilə yürüdülən xarici siyasəti bu regionda həmişə Fransanın özünün  maraqlarının əleyhinə çevrilir.

Fransa həmçinin dünyanın bütün qaynar ocaqlarındakı terrorçularla təmasları davam etdirir.

Bunun nə ilə nəticələndiyini məhz keçən il Fransa ilə beynəlxalq münasibətlərdə təktərəfli qaydada ləğv edilən sazişlərə və Fransanın üzləşdiyi ziyanlara baxmaqla görə bilərik. Azərbaycanın Paris merinin qanunsuz hərəkətlərinə etirazının haqlı olduğunu artıq Fransanın bəzi deputatları da bəyan ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa səfirini dəvət edib ölkəmizin  narazılığını və etirazını birbaşa təqdim etməsi diplomatik qaydalara uyğun olmaqla yanaşı, düzgün siyasi gedişdir. Biz bununla növbəti qanunsuz hərəkətlərin qarşını tam ala bilməsək də, azalmasına nail ola bilərik. Artıq Azərbaycan Xankəndinə qanunsuz səfərlərin xeyli azalmasına nail olub. Diqqət edirsinizsə, Ann Hidalqo kimi qatı ermənipərəst, ermənilərlə bir yerdə işləyən şəxs Azərbaycan ərazisinə daxil ola bilməyib, terrorçu Araiklə Ermənistan ərazisində görüşüb. Konkret olaraq Ann Hidalqo və onun kimi qatı ermənipərəst Paris siyasətçilərinin mövqeyini dəyişmək isə elə də asan deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR