İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa qondarma “artsax” nümayəndəliyini bağlamır - Parisdə erməni qonaqlığı

Ekspert: “Azərbaycan açıq şəkildə bildirilməlidir ki, qondarma nümayəndəlik bağlanmayacaqsa, Fransanın...”

Son günlər təkcə Xankəndinə qanunsuz səfərlər artmayıb, həm də Azərbaycan torpaqlarına sığınmış köçmən separatçı ermənilər xaricdə sülənməyə başlayıblar.

Belə ki, bugünlərdə “artsax parlamenti”nin “rəhbəri” Artur Tovmasyan Parisdə peyda olub. O, bu ölkədə qeyri-qanuni fəaliyyətinə şərait yaradılmış qondarma qurumun “daimi nümayəndəsi” Hovhannes Gevorgyanla görüşüb.

Məlumata görə, görüşdə 2020-ci ildə 44 günlük müharibə zamanı Fransa siyasətçiləri və yerli hökumətlər tərəfindən göstərilən yardım və bunun davam etdirilməsinin zəruriliyi müzakirə edilib.

Fransa Senatı və Milli Assambleyası tərəfindən qurama qurumla bağlı “qəbul edilmiş qətnamələrin əhəmiyyəti vurğulanıb”. Artur Tovmasyan Fransadakı “daimi nümayəndəliyin” fəaliyyətini yüksək qiymətləndirib. Bildirilir ki, Tovmasyan Fransanın erməni icmasının və Fransanın siyasi dairələrinin nümayəndələri ilə görüşüb, amma hansısa konkretləşmə yoxdur.

Bu kimi “səfərlərin” Bakıda etirazlar doğurmasına baxmayaraq, Paris iddia edir ki, həmin şəxslərin səfəri fərdi xarakter daşıyır və Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmur. Lakin belə formal izahat Fransanın niyyətini və siyasətini təmizə çıxarmaq üçün kifayət deyil. Çünki müharibədən sonra da qondarma rejimin nümayəndəliyinin Fransada “fəaliyyətini” davam etdirməsi regionda sülhün güclənməsinə xidmət etmir.

Maraqlıdır ki, hələ müharibədən çox əvvəl Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın Parisdəki nümayəndəliyini haqlı olaraq ləğv etdi. Amma Qarabağdakı qondarma rejimin nümayəndəliyi hələ də Parisdə himayə edilir ki, bu da Fransa hökumətinin ermənipərəst siyasətinin bariz nümunəsidir. Bakı bu qondarma nümayəndəliyi bağlamaq üçün hansı addımlar atmalıdır?

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Fransanin hazırkı mövqeyinə də əsasən erməni lobbisinin təsiri var və bu mövqe dəyişməz olaraq qalır: “Bu mövqe qatı ermənipərəst mövqedir. Fransanın həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə addımları Ermənistanı, separatizmi müdafiə etməkdən ibarət olub. Bu gün də belədir. Separatçılara nümayəndəlik açıb onu hələ saxlamaq da Parisin postmünaqişə dövründə destruktiv siyasətidir və bu siyasət sülhə mane olur. Bununla Paris Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsündə çıxış edə bilməz. Azərbaycan bunu şərt kimi irəli sürməli və Parisdə məlum üzdəniraq ”nümayəndəlik" bağlanmadığı təqdirdə Parisin rolunu bloklamalıdır. Artıq münaqişə bitib. Və Avropa İttifaqının Prezidenti də Qarabağda etnik erməni ifadəsini işlədir. Belə olan təqdirdə hansı qurumdan danışmaq olar?! Azərbaycan dövləti, Azərbaycanın Fransadakı səfirliyi rəsmi Parisin qarşısında bu məsələni rəsmən qaldırmalı və şərtini irəli sürməlidir. Açıq şəkildə bildirilməlidir ki, qondarma nümayəndəlik bağlanmayacaqsa, Fransanın heç bir məsələdə vasitəçiliyi, heç bir təşəbbüsü Azərbaycan tərəfindən qəbul edilməyəcək. Fransa bir müddətdən sonra belə bir nümayəndəliyi ləğv etməlidir".

Ekspert vurğuladı ki, artıq tarixə qovuşmuş Minsk Qrupunun həmsədri olan Rusiya və Fransada Qarabağdakı separatçı ermənilərin qondarma nümayəndəliyinin olması bir çox məsələlərə aydınlıq gətirir: “Hər iki ölkə separatçılara nümayəndəlik verirsə, əlbəttə ki, bunlardan ədalət gözləmək olmaz. Bir tərəfdən sülh bəyanatları verib, o biri tərəfdən separatçıların qondarma  nümayəndəliyini saxlamaq riyakarlıqdır. İndi də Fransanın saxta sülh bəyanatları əslində erməni maraqlarına söykənir. Fransa bununla regionda Rusiyanın siyasətinə dəstək verərək Avropa İttifaqının Cənubi Qafqazda siyasətinə qarşı çıxır. Artıq Azərbaycan bununla bağlı Fransaya kəskin nota verməli və nümayəndəliyin bağlanmasını tələb etməlidir. Bu məsələnin üzərinə çox ciddi şəkildə getməklə istədiyimizə nail ola bilərik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR