Onlayn ictimai-siyasi qəzet
“Rəsmi Parisin bizim regionda yeritdiyi yaramaz, təfriqəçi siyasəti bizdə daha çox oradakı hay diasporunun adına yazılsa da, mən bu fikirdə deyiləm. Bəli, hay diasporu Fransanın iç siyasətində müəyyən rol oynayır, xarici siyasətinə gəldikdə, o dövlətin bizim regondakı davranışlarına qlobal dünya düzənin yenidən formalaşması prizmasından yanaşılmalıdır”.
Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a Fransanın artıq ikrah doğuran anti-Azərbaycan siyasətini şərh edərkən söyləyib. Onun dediyinə görə, əslində Fransa “kiçik bacı”sına yardım yox, onu alver predmetinə çevirmək üçün buradadır: “Yelisey sarayındakıları hayların Qarabağdan getməsi, yaxud da Ermənistanın savaşda uduzması bir o qədər də narahat etmir. Onları ən çox narahat edən Afrika, Yaxın Şərq və Aralıq dənizi hövzəsindəki əvvəlki mövqelərini bir-bir itirmələridir ki, bunda da Türkiyə və Rusiya öz “yardım”larını əsirgəmir. Belə getsə, növbə dənizaşırı torpaqlara gəlib çatacaq. Paris “kiçik bacı” dan Birinci Dünya Savaşı sonrası necə faydalanmışdısa, indi də o cür faydalanmaqla az öncə adı çəkilən regionlarda Türkiyə və Rusiyanın qarşısını kəsməyə çalışır. Fikir verdinizsə, Fransanın xarici işlər naziri Katrin Kolonna İrəvana məhz Ermənistan parlamentində Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edildiyi gün təşrif gətirdi. Və elə həmən gündə ölkəsinin haylara hərbi-texniki dəstək verəcəyini bildirdi. Öncə onu deyim ki, əslində Fransa Ermənistana hərbi-texniki dəstəyi artıq göstərir və son günlərdə həmən ölkədən Qarabağı tərk edənlər üçün göndərilən humanitar yardımı gətirən təyyarədə hərbi təyinatlı yüklərin də olması haqda bilgilər var. İkincisi, Ermənistana edilən bütün bu jestlərin Rusiya və Türkiyəni Afrikada, yaxud da Yaxın Şərqdə öz maraqarına uyğun addımlardan çəkindərəcəyi qətiyyən inandırıcı görünmür. Və bir yox, min Kolonna gəlsin, Fransa Ermənistanı özünün yeni koloniyasına da çevirə bilməyəcək. Çünki bunun üçün gərəkən potensialı yoxdur”.
S.Aliyev Qarabağdakı ermənilərin kütləvi şəkildə Ermənistana axın etməsinin də arxasında Parisin məkrli siyasətinin dayandığını güman edir: “Çox güman ki, haylara Qarabağdan tam çıxmaları haqda əmr də Fransadan gəlib. Onlara deyilib ki, bir zamanlar kosovalılar da elə etdilər, sonra NATO etnik təmizləmənin qarşısını almaq adı altında onları yenidən öz torpaqlarına qaytardı və müstəqilliklərini tanıdı. Xəstə təfəkkürlülər də fikirləşirlər ki, elə o cür də olacaq. Sevr anlaşmasından cəmisi 3 il sonra Lozanna anlaşmasının necə meydana çıxdığını, hayları kimin və nəyin qarşılığında aldadıb atdığını unudublar”.
Deputatın sözlərinə görə, Fransa da bir şeyi unudur ki, onun Azərbaycana qarşı düşməncəsinə davranışlarını biz görməzdən gəlməyəcəyik: “Bu regiondakı mövqeləri nə qədər mümükündür, bir o qədər zəiflədiləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcəzair zirvəsində və Qoşulmama Hərkatı Əlaqləndirmə Bürosu Nazirlərinin Bakıdakı toplantısındakı çıxışları göstərdi ki, beynəlxalq müstəvidə də Fransa cavabsız buraxılmayacaq”.
Deputat qeyd etdi ki, Azərbaycan Prezidentinin sabah Qranadada keçirilməsi planlaşdırlan 5 tərəfli görüşə qatılmmamasının da əsas səbəbinin məhz Makronla bağlı olduğu kimsəyə sirr deyil: “Fransanın atdığı bütün bu addımlardan sonra Azərbaycan o ölkənin başında durana sülh danışıqlarında Avropa Birliyinin liderlərindən biri olaraq boy göstərməsinə imkan verə bilməzdi və vermədi”.
E.Paşasoy,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ