İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantların “qara günləri” başlayır - soydaşlarımızı gözləyən əngəllər

Qonşu ölkədə qalma müddəti və qohumların gətirilməsi çətinləşdirilir; Natiq Cəfərli: “Rusiyaya daxilində yaranmış narazılıqların “günahkarı” lazım idi, o da...”

“Ölkəyə əcnəbi işçilər gətirən sahibkarlar onların ölkədə qalmasına görə tam maliyyə məsuliyyəti daşımalıdırlar”. Bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bəyan edib.

“Onlar (biznesmenlər - red.) inanırlar ki, miqrantlar olmasa biz məhv olacağıq. Elə isə onların saxlanma xərclərini tam ödəsinlər”, - Bastrıkin qeyd edib. Onun sözlərinə görə, miqrantların Rusiyada qalma müddəti ciddi şəkildə məhdudlaşdırılmalı, qohumlarının gətirilməsi imkanları istisna edilməlidir. “Onlarla müqavilə bağlamaq vacibdir. Sadəcə gəldi, lisenziya aldı, hara getdi bilinmir... yox. Konkret təşkilatla müqavilə imzalanmalı, fəaliyyət növü bilinməli və müddəti də bir ildən artıq olmamalıdır. Müddətin sonunda isə evinə qayıtmalıdır. Ən əsası arvadlar, ərlər, nənələr, babalar və uşaqlar gəlməməlidir. O, bura işləməyə gəlir. Qalan hər şey sahibkarın hesabınadır”, - o vurğulayıb.

Orta Asiya ölkələrində cinayətkarlığın artmasına münasibət bildirən Bastrıkin ardınca iddia edib ki, “gələcək potensial cinayətkarlar Rusiyaya gəlir”. “Onlar bizə lazımdırmı? Əlbəttə, yox”, - deyən İstintaq Komitəsinin rəhbəri əlavə edib ki, “qonşu ölkələrin vətəndaşlarının niyə öz vətənlərində yaşaya bilmədiyini” anlamır.     

Bastrıkinin bu qəbil qadağalarla bağlı çağırışları, ksenofobik fikirləri təməl insan haqları ilə nə dərəcədə uzlaşır? Rusiyadakı miqrant soydaşlarımızın “qara günləri” başlayır? Azərbaycan da belə məhdudiyyətlərə gedə bilərmi?

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. O deyib ki, Rusiyada miqrantlara qarşı sərt ritorika Rusiyanın Ukraynaya təcavüzündən sonra artım tempi ilə davam edir. Bunun da səbəbləri var. Çünki Rusiya daxilində yaranmış narazılıqların “günahkarı” lazımdır. Hakimiyyət daxildəki problemləri öz bacarıqsız idarəetməsi ilə izah edə bilməz axı. Daxildəki problemlərin məsuliyyəti üzərinə atıla biləcək bir kəsim olmalıdır. Bu da miqrantlardır.

İndi müharibə dayanmağa doğru gedir. Hansısa formada bir neçə aya dayanacaq. Bu zaman Rusiya daxilindəki problemlərin yenidən bir “günahkarı” lazım olacaq. Elə bir obraz lazımdır ki, Rusiya hakimiyyəti onu cəmiyyətə təqdim edə bilsin. Bunun üçün də ən “ideal” namizəd miqrantlardır. Budur əsas səbəb.

Doğrudan da Rusiya iqtisadiyyatı miqrantsız yaşaya bilməz. Bu, aksiomdur. Bunu iqtisadçılar yaxşı bilir. Lakin ksenofobik çıxışlarla miqrantlara qarşı cəmiyyəti kökləyərək daxildəki problemlər artdıqca, onların “günahkarının” miqrantlar olduğu, miqrantların Rusiya vətəndaşlarının iş yerlərini və qazancını əlindən aldığı fikri aşılanır. Bu isə olduqca təhlükəli məqamdır.

Amma Rusiya sistemi belədir - Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz. O sistem elə qurulub. Təəssüf ki, miqrantlara qarşı getdikcə daha sərt addımların atılmasının şahidi ola bilərik. Bu isə bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsirsiz ötüşməyəcək".

Məlumat üçün deyək ki, 2025-ci ilin fevral ayından etibarən Rusiyada miqrantlara qarşı daha sərt tədbirlər tətbiq olunmağa başlanıb. Bu dəyişikliklər qeyri-qanuni yaşayan əcnəbilərə istiqamətlənib və onların hüquq və imkanlarını ciddi şəkildə məhdudlaşdırır. 2025-ci il fevralın 5-dən polis əməkdaşlarına məhkəmə qərarı olmadan miqrantları deportasiya etmə səlahiyyəti verilib. Bu, daha sürətli və sərt tədbirlərin qəbuluna imkan yarıdır. Qeyri-qanuni yaşayan əcnəbilər üçün “nəzarət edilən şəxslər” reyestri yaradılıb. Onlara əmlak alma, nikah bağlamaq, biznes qurmaq, bank hesabı açmaq kimi imkanlar qadağan edilir. Yaşayış yerini dəyişmək də yalnız Daxili İşlər Nazirliyinin icazəsi ilə mümkün olur. Vizasiz qalma müddəti azaldılıb. Əvvəl 180 günlük dövrədə 90 gün olan viza-siz qalma müddəti indi illik 90 günə endirilib. Miqrasiya qeydiyyatının müddəti məhdudlaşdırılıb. Əvvəl kirayə müqaviləsinin müddətinə görə təyin olunan qeydiyyat müddəti indi maksimum bir il olur. Əcnəbilər SIM kart almaq üçün biometrik məlumatlarını təqdim etməlidir. Yeni qaydalardan biri də 2025-ci ilin iyul ayına qədər qeydiyyatdan keçməyən nömrələr bloklanacaq. 2025-ci il aprelin 1-dən daimi yaşayış icazəsi olan əcnəbilər xarici sürücülük vəsiqələrindən istifadə edə bilməyəcək. Onlar Rusiya vəsiqəsi almaq üçün imtahan verməli olacaqlar. Əcnəbi uşaqlar Rusiya məktəblərinə qəbul olunmaq üçün rus dili biliklərini sübut etməlidir. Barmaq izi, sənədlərin tez-tez yoxlanması, zəruri hallarda saxlanma kimi tədbirlər miqrantlar üzərində daha ciddi nəzarəti təmin edir. Bu qaydalar Rusiyada yaşayan və ya ora səfər etməyi planlaşdıran əcnəbilər, o cümlədən azərbaycanlılar üçün ciddi çətinliklər yarada bilər. Hüquqi statusun qorunması və sənədlərin tam qaydasında olması bu dövrdə özəlliklə vacibdir.

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantlarla bağlı qanun qəbul  olundu - Oxu.az

2025-ci ilin əvvəlindən Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi nəticəsində miqrantların sayı əhəmiyyətli dərəcədə azalıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonunda ölkədə qanuni əsaslarla yaşamayan təxminən 700 min əcnəbi qeydə alınıb. Bu şəxslərə 2025-ci il aprelin 30-dək sənədlərini qaydaya salmaq və ya ölkəni tərk etmək üçün vaxt verilib. Əks halda, mayın 1-dən etibarən onların deportasiyası prosesi başlanıb. 2024-cü ildə miqrasiya qaydalarını pozduqlarına görə 80 mindən çox miqrant Rusiyadan çıxarılıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım göstərir: 2023-cü ildə 44 min, 2022-ci ildə isə 26,6 min əcnəbi deportasiya edilmişdi. Sərtləşdirilmiş miqrasiya siyasəti nəticəsində Rusiyaya gələn miqrantların sayı da azalıb. Rusiyanın Əmək Miqrantları Həmkarlar İttifaqının sədri Renat Kərimov bildirib ki, Rusiyadan çıxarılan miqrantlar bir daha geri qayıtmır və ümumiyyətlə, ölkəyə indi daha az miqrant gəlir. Bu tendensiya ölkədə işçi qüvvəsi çatışmazlığına səbəb olub.

Rusiya miqrasiya siyasətindəki bu dəyişikliklər, xüsusilə Orta Asiya ölkələrindən olan miqrantlar üçün ciddi çətinliklər yaradıb. Azərbaycan vətəndaşları da bu prosesdən təsirlənib. Ən son rəsmi statistikaya görə, Rusiyada 331 min 727 azərbaycanlı miqrant yaşayır və onlardan 122 min 568 nəfəri miqrasiya qeydiyyatına alınıb. Nəticə etibarilə, 2025-ci ildə Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi miqrantların sayında əhəmiyyətli azalma ilə nəticələnib və bu həm miqrantlara, həm də Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə təsir göstərib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR