Onlayn ictimai-siyasi qəzet
Fransa bölgəmizdə kövrək sabitliyi pozmaq üçün Ermənistanı müdafiə adı altına hücum xarakterli silahlarla təchiz etməyə davam edir. Ötən həftə bu ölkənin KTMT-dən çıxma ehtimalına açıqca eyham vuran baş nazir Nikol Paşinyanın son bəyanatları isə şübhəsiz, İrəvanın həm də daha çox Qərb silahları almağa və onun siyasi və başqa dəstəyinə sığınmağa hesablanıb. Sözsüz ki, baş verənlər Azərbaycanı narahat etməyə bilməz.
Ən əvvəl də o səbəbə ki, Ermənistan revanşist planlarından əl çəkməyib və sülh müqaviləsini sabotaj etməkdədir. “Bütün bu məsələlərə ciddi yanaşmaq lazımdır. Üstəlik, Fransa İkinci Qarabağ müharibəsinin (Azərbaycanın - red.) təcrübəsini, o sırada Qərb (İsrail və s. - red.) komplekslərinin cəlb olunduğu xüsusi hərbi əməliyyat təcrübəsini diqqətlə öyrənib” - hərbi analtik İqor Korotçenko son vəziyyəti şərh edərkən belə söyləyib. Onun qənaətincə, Ermənistan məhz bu reallıq nəzərə alınaraq, müharibəyə hazırlanacaq və veriləcək hava hücumundan müdafiə sistemləri konkret müharibənin ehtiyaclarına uyğunlaşdırılacaq: “Ancaq bu, müharibə dövrü üçündür. Sülh dövründə hava əsaslı pilotsuz uçan təyyarələr tipli sistemlər və s. olacaq. Bu baxımdan aydındır ki, Fransanın peyk qruplaşması Ermənistana Azərbaycan Silahlı Qüvvələrinin dislokasiyası barədə ətraflı məlumat verəcək. Məsələyə ciddi yanaşmaq lazımdır, çünki Fransa yüksək inkişaf etmiş texnoloji ölkədir”. İrəvanın aldığı bahalı silahların pulunu kimin ödəyəcəyinə gəlincə, Korotçenko deyib: “Yəqin ki, bu, qismən kredit sxemləri olacaq, pulun bir hissəsi Ermənistan büdcəsindən ödəniləcək və ola bilsin ki, sponsorlar tapılacaq. Mümkündür ki, Ermənistanın yenidən silahlanması üçün sponsorlar fondu da formalaşdırılsın. Əgər ABŞ və digər NATO ölkələri bu prosesə qoşulsa, o zaman Ermənistan hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək bir sıra silahlar ala bilər”. Cənubi Qafqazda yeni müharibəni nəzəri cəhətcə istisna etməyən analitik hesab edir ki, bunun qarşısını almağa çalışmaq lazımdır.
Əlbəttə, Azərbaycan dövləti də yerində saymır və kapitulyant ölkədəki prosesləri, xüsusən də Fransa başda olmaqla, xarici havadarların hərəkətlənmələrini diqqətlə izləyir. Unutmasınlar ki, əgər bizə binoklla baxırlarsa, biz də onlara baxırıq. Və təkcə binoklla yox.
“Onların bəziləri indi də səhv edir. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidir. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidir”. Bu xəbərdarlığı İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən edib. Prezident onu da bildirib ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Yəni bu qəbil iddialar tam uydurmadır. Bəs Ermənistan özünün faktiki intihara sürükləndiyinin fərqindədirmi, yoxsa 30 illik işğal dövründəki kimi, yenə eyforik dönəmə qayıdıb?
Zaur Məmmədov
Politoloq Zaur Məmmədovun sözlərinə görə, müəyyən xarici media resurslarında “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğat, anti-Azərbaycan isterikası genişləndirilir: “Təbliğat maşını tam sürətilə hərəkətə keçib. Məqsəd isə ictimai rəyi planlaşdırdıqları təxribata (müharibəyə) hazırlamaqdır. Onlar öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir. Bu dəfə Fransa Qərbin "qanlı ssenarisi"ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır".
Siyasi şərhçi hesab edir ki, müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır.
Z.Məmmədovun bildirdiyinə görə, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub: “Bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, Parisdə Nikol Paşinyanın beynini əməllicə doldurublar: “Əgər Nikol ötən il "Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq" deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərini işğalı və müharibə təhlükəsindən danışır. Bunun qarşılığında da Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər. Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o, geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana getdi və Ermənistanı yeni hərbi texnika ilə təchiz edəcəklərini vurğuladı. Bunun ardınca, Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracağı barədə açıqlaması da Parisin planının tərkib hissəsidir".
Ekspertin fikrincə, yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək, bu, Ermənistanın təhlükəsizlik təminatı olacaq: “Növbəti gediş Kremlindir. Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, Kreml növbəti cəhdə baş vuracaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ