Onlayn ictimai-siyasi qəzet
Fransa Avropa İttifaqını ABŞ-a qarşı güclü cavab mexanizmlərindən birindən istifadə etməyi düşünməyə çağırır.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Donald Tramp Aİ-yə qarşı aprelin 2-də yüksək tariflər tətbiq edəcəyi təqdirdə, Paris, ticarət və iqtisadi tədbirləri rıçaq kimi istifadə edən dövlətlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş mexanizmin işə salınmasını tələb edən üzvlər sırasına qoşulub.
Mexanizm bir neçə şərt və mərhələni nəzərdə tutur və son nəticədə Aİ-yə geniş spektrli cavab tədbirləri tətbiq etməyə imkan verəcək. Bunlara ticarət və xidmətlər üzrə məhdudiyyətlər, habelə müəyyən əqli mülkiyyət hüquqları, birbaşa xarici investisiyalar və dövlət satınalmalarına çıxış daxil ola bilər.
ABŞ aprelin 2-dən etibarən qlobal tərəfdaşların mallarına irimiqyaslı tariflər tətbiq etməyi planlaşdırır. Tramp deyir ki, tədbirlər daxili qaydalar və vergilərin, o cümlədən Aİ-nin əlavə dəyər vergisi (ƏDV) kimi “ədalətsiz qeyri-tarif maneələrini” aradan qaldırmağa yönəlib. Aİ öz növbəsində israr edir ki, onun ƏDV-si həm yerli, həm də idxal olunan mallara bərabər tətbiq olunan ədalətli və qərəzsiz vergidir.
Qeyd edək ki, ABŞ iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 60 faizdən çoxu Aİ şirkətlərinin payına düşür. Eyni zamanda ABŞ texnologiya nəhənglərinin xidmət satışlarının yarıya qədərinin də alıcısı Aİ-dir. Brüsselin bu investisiyaları və xidmət satışını məhdudlaşdırması ABŞ üçün çox ciddi problemlər yarada bilər.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ