İnsanlara hürriyət, millətlərə istiqlal!

“Formula-1” yarışlarında it-bata düşən 400 min manat kimin cibindədir – MƏHKƏMƏ İŞİ  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Musavat.com xəbər verir ki, Çingiz Mehdiyev “Formula 1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilir.

 O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri olub. Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev isə onun sağ əli olub. Ötən prosesdə Çingiz Mehdiyev ittiham üzrə özünü təqsirli bilmədiyini açıqlayıb.

İddia edib ki, arvadının əsassız ifadəsi ilə ona ittiham verilib: “Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı. Mən avadanlıqları ölkəyə gətirənə kimi əziyyət çəkmişəm. Təsəvvür edin, bəzi mallar bir gün yolda saxlanılsaydı, nə olardı?! Mən bu müddətdə bütün saçlarımı itirdim. Prokurorluğun hesabladığı 389 min manat yeyinti ilə də razı deyiləm. Hesablama necə aparılıb, hesablama aparan mütəxəssis “Formula 1” üçün müəyyən etdiyi xüsusi malların dəyərini necə müəyyən etdi, qiymətlər necə təhlil edildi? Prokurorluq niyə ekspertiza rəyini nəzərə almayıb? Orada xüsusilə bizə lazım olan malların qiymətləndirilməsinin çətin olduğu açıq yazılıb. Ədliyyə ekspertizası da rəy verib ki, bu mallar spesifik olduğundan qiymətləndirilməsi çox çətindir. Prokurorluq 101 min manat fərq müəyyən edib. Lakin fərqi müəyyən edərkən şirkətin saxlanma xərcləri, işçi xərcləri, bank və digər xərclər nəzərə alınmayıb”.

O,  zərərçəkmiş tərəf kimi qeyd edib ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ziyanın nədən ibarət olduğunu müəyyən etsin. O, zərərçəkmiş tərəfin məhkəməyə gəlməsini, izahat verməsini də tələb etmişdi. İyunun 10-da keçirilən prosesə Çingiz Mehdiyevin vəkili qatıla bilməyib. Hakim bildirib ki, belə olan halda prosesin keçirilməsi mümkün deyil.

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib. Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb. İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb. Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Növbəti proses iyulun 1-də davam edəcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR