İnsanlara hürriyət, millətlərə istiqlal!

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə Musavat.com-a onun özü məlumat verib.

Fikrət Yusifovun açıqlamasında aşağıdakılar deyilir:

“Qarabağ Zəfərini əldə etmiş xalqımızın yeni dönəmdə daha yaxşı həyat tərzinin təmin edilməsi, ölkədə iqtisadi islahatların necə reallaşdırılmasından bilavasitə asılı olacaqdır. Ölkə iqtisadiyyatının yüksəlişini təmin edə biləcək iqtisadi islahatlar proqramımızın məhz seçki tribunasından səsləndirilməsinin daha məsuliyyətli bir addım olacağına inanaraq, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldim. Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər.   Biz bu seçkilərə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhfə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq  üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkrli “siyasilərin” prezident seçkilərinə qara yaxmaq istəyənə fevral ayının 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcəkdir.

Tanrı xalqımızı qorusun!”

Qeyd edək ki, fevralın 7-də (2024-cü il) keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin sayı 8 nəfərə çatdı.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR