Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, İstanbulda keçirilən aksiyalarda Ərdoğan və ailəsinə qarşı səsləndirilən təhqiramiz ifadələrə sərt reaksiya verib.
Altunun çıxışı həm tərzi, həm də verdiyi mesajlarla gündəmə damğasını vurub.
Altun sosial şəbəkə hesabında yayımladığı bəyanatda bildirir:
“İstanbuldakı etirazlarda bəzi özünü bilməz, əxlaqsız şəxslərin cənab Prezidentimizə, vəfat etmiş mərhum anasına və ailəsinə qarşı səsləndirdiyi təhqirləri şiddətlə qınayıram. Bu alçaq ifadələrin heç bir izahı yoxdur və bu hesab mütləq sorulacaq!”
“Millətin səbrilə oynamayın!” – İmamoğlu tərəfdarlarına açıq xəbərdarlıq
Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fəxrəddin Altun bəyanatında həmçinin bu cür davranışlara rəvac verən siyasi çevrələri və İmamoğlunun ətrafında toplaşan radikal qrupları da açıq şəkildə hədəfə alıb:
“Əxlaqi sərhəd tanımayan bir dəstə tərbiyəsizin arxasına gizlənib Türk millətinin dəyərlərinə, seçki ilə iş başına gəlmiş və ölkəmiz üçün gecə-gündüz çalışan cənab Prezidentimizə qarşı bu cür təhqirlər yağdıran qorxaq qrupları xəbərdar edirik: Millətin səbrilə oynamayın!”
Altunun bu sərt mesajı Türkiyədəki siyasi atmosferin nə qədər gərgin olduğunu bir daha ortaya qoyur. Ərdoğanın ailəsinə qarşı yönələn bu ifadələr sadəcə bir siyasi aksiya deyil, həm də cəmiyyətin qırmızı cizgilərinə toxunan bir davranış kimi dəyərləndirilir.
Qeyd edək ki, İstanbulda Əkrəm İmamoğlunun həbsi ilə bağlı keçirilən etiraz aksiyaları son günlər intensivləşib. Aksiyalar zamanı səsləndirilən bəzi şüarlar isə ictimai və siyasi kəsimdə ciddi narazılığa səbəb olub.
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ