Onlayn ictimai-siyasi qəzet
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Çıxışı zamanı ölkə başçısı işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirildiyini bildirib, bu işlərin daha da genişləndiriləcəyinin anonsunu verib. Suverenliyimiz tam bərpa edildikdən, prezident seçkisindən sonra artıq yeni dövrün başladığı hər kəsə məlumdur. Prezident vurğulayıb ki, ordumuz hər zaman hər bir vəziyyətə hazırdır:
“Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik. Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur. Bütün digər ərazilərdə quruculuq işləri aparılır”.
Göründüyü kimi, ölkə başçısı gənclərin vətənpərvərliyinə güvənir. Lakin ərazilərimizin işğaldan azad olunmasında və hazırkı bərpa-yenidənqurma prosesində gənclərin yaradıcı düşüncələrinə, kreativ ideyalarına ehtiyac duyulması şübhə doğurmur. Qarabağın bərpasında cəmiyyətin hərəkətverici qüvvəsi kimi gənclərin üzərinə vacib vəzifələr düşür.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, yeni dövrdə hər kəs, xüsusilə gənclər ölkədə aparılacaq islahatlarda fəallıq nümayiş etdirməlidirlər: “Dədə Qorqudun bir fikri var: "Torpağı qorumasan becərməyə, becərməsən qorumağa dəyməz". Azərbaycan gəncliyi sübut etdi ki, torpağını qorumağı bacarır. İndi də sübut etməlidir ki, ondan istifadə etməyi bacarır. İslahatlar dövrü, postmüharibə dövründə Azərbaycanda yeni çağırışlar gənclərlə bağlıdır. Gənclər əlini daşın altına qoymasa, nəticə uğurlu olmaz. Müharibə bizim çox ciddi potensialımızın olduğunu sübut etdi. Bu gənclik bizim təsəvvür etdiyimizdən daha ciddi nailiyyətlər əldə etməyə qadirdir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumiyyətlə, Azərbaycanda yeni quruculuq dövründə gənclərin üzərinə çox böyük iş düşür. Bütün dünyada təhlükəsizlik arxitekturası yenidən cızılır. Yeni dünya düzəni yaradılır. Belə bir məqamda insan amili çox mühümdür. İndustrial qaynaqlar, yerüstü və yeraltı sərvətlər nə qədər çox olsa da, bunları insanlar idarə edir. Azərbaycan insanı fədakarlıq göstərməlidir. Müharibənin hərbi mərhələsi bitsə də, dünyagörüşü, mədəniyyətlər, bəlkə də sivilizasiyaların savaşları görünməz formada davam edir. İşğaldan azad edilmiş ərazilərdə gənclərin iştirakçılığı ilə bağlı bir misal çəkmək istəyirəm. Müstəqillikdən öncəki illərdə komsomolçuları Baykal-Amur magistralına göndərmişdilər. Yeni qəsəbələr, yollar salırdılar. Əlbəttə, demoqrafik vəziyyət də nəzərə alınırdı. Türkiyəyə, Rusiyaya işləməyə gedən gənclərimiz var. Müəyyən güzəştlər tətbiq etməklə gənclərin işğaldan azad edilmiş ərazilərdə çalışmasını təmin etmək olar. Eyni zamanda onları torpaq sahəsi verməklə də həvəsləndirmək olar. Yeni mərhələdə gənclərin iştiraklılığını islahat gedən bütün sahələrdə-idarəetmə, xüsusilə yerli bələdiyyələrin idarəetməsində təmin etmək lazımdır".
F.Quliyev qeyd edib ki, vətənpərvərlik hissi olmadan bütün bu fikirləri reallaşdırmaq qeyri-mümkündür: “Televiziyalarda bayağı verilişlər yayımlamaq əvəzinə, vətənpərvərlik hissinin təbliği ilə bağlı ciddi təbliğat işləri aparılmalıdır. 44 günlük Vətən müharibəsində qələbəmizin əsas hərəkətverici qüvvəsi olan gənclər Vətən eşqi ilə irəliyə atıldılar. Hər kəsə məlumdur ki, Azərbaycan tərəfdən bir nəfər belə fərari olmadı. Prinsip etibarilə gənclər dinc dövrdə çalışqan, zəhmətkeş olmalı, müharibə zamanı isə orduya xidmət üçün hazır olmalıdırlar. Bunun üçün maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu məsələdə kütləvi informasiya vasitələrinin üzərinə böyük öhdəlik düşür”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ